İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bəyan edib ki, İran BMT-nin Yəmənə silah embarqosunu pozduğuna dair iddialar tamamilə əsassızdır.
Az.rasthaber.com xəbər verir ki, İrəvani BMT Təhlükəsizlik Şurasındakı çıxışında dəniz təhlükəsizliyinin seçmə və ya birtərəfli şərhlərə məruz qala bilməyəcəyini, bu təhlükəsizliyin beynəlxalq hüquq normaları, ayrı-seçkiliyə yol verməmək və dövlətlərin suverenliyinə hörmət prinsipi əsasında təmin edilməli olduğunu vurğulayıb.
İranın beynəlxalq dəniz qanunlarına əməl etdiyini deyən İrəvani ölkəsinin gəmiçilik azadlığını dəstəklədiyini və regional əməkdaşlığa açıq olduğunu bildirib. İranlı diplomat əlavə edib: İran donanması Hörmüz boğazı, Bab əl-Məndeb və Hind okeanının şimalında dəniz təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayır.
ABŞ-ın birtərəfli sanksiyalarını tənqid edən İrəvani bu cür hərəkətlərin qanuni ticarət əlaqələrinə xələl gətirdiyini və beynəlxalq hüquqa zidd olduğunu bildirib. İranın hər zaman BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qaldığını qeyd edən İrəvani ABŞ və İsrailin ittihamlarının faktları təhrif etmək məqsədi daşıdığını bildirib.