Rəsmi Tehran və rəsmi Moskva arasında ikitərəfli iqtisadi mübadilələr zamanı dollar və avro əvəzinə milli valyutalardan istifadəyə dair razılıq əldə edilib.
Az.rasthaber.com “ParsToday”-a istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının başçısı Əli Salehabadi bildirib.
O, Moskvaya səfər edərək Rusiya Mərkəzi Bankının başçısı Elvira Nabiullina, Baş nazir müavini Aleksandr Novak, iqtisadi inkişaf naziri Maksim Reşotnikov və Baş nazirin beynəlxalq işlər üzrə müavini Aleksey Overçukla görüşlər keçirib.
İranlı rəsmi deyib ki, müxtəlif bank, maliyyə və iqtisadiyyat sahələrində Rusiya ilə qarşılıqlıanlayışlar əldə edilib və onlar yaxın zamanda həyata keçiriləcək, nəticələrini isə hər iki ölkənin biznesmenləri hiss edəcəklər.
İran və Rusiya arasında iqtisadi mübadilələr zamanı milli valyutaların istifadəsinə dair sazişə toxunan Salehabadi əlavə edib ki, milli valyutaların istifadəsi məsələsi yüksəkvəzifəli rusiyalı iqtisadi məmurlarla məsləhətləşmələr zamanı mühüm istiqamətlərdən biridir və “biz tezliklə əldə edilmiş razılıqların realizasiyasını görəcəyik”.
SWIFT əvəzinə yerli “messencerlərdən” istifadə məsələsinə də toxunan iranlı rəsmi qeyd edib ki, hazırda İran SWIFT-in yerinə banklararası məlumat mübadiləsi üçün yerli sistemlərdən istifadə edir və Rusiyanın da həmçinin yerli “messencerləri” var və onlar iki ölkə arasındakı bank əməkdaşlığı üçün əsas ola bilərlər.