İran: Ukraynanın qəzaya uğramış təyyarəsinin qara qutusu başqa ölkə mütəxəsislərilə açıla bilər

İran: Ukraynanın qəzaya uğramış təyyarəsinin qara qutusu  başqa ölkə mütəxəsislərilə açıla bilər

İran Kanada baş nazirinin Ukrayna təyyarəsinin səhvən vurulduğu iddiasını "əsassız" sayıb.

İran hökümətinin sözçüsü Əli Rabiey bildirib ki, "ABŞ və müttəfiqlərinin əssassız iddiaları hadisədə həyatlarını itirənlərin ailələrinin və yaxınlarının yarasına duz basır".

İran Mülki Aviasiya İdarəsi də təyyarənin raket zərbəsi nəticəsində partladığı iddiasını rədd edir və bildirir ki, "araşdırmalar bir və ya iki il sürə bilər".

Kanada Baş naziri Justin Trudeau deyib ki, əldə edilən dəlillər Tehranda düşən təyyarənin İran tərəfindən səhvən vurulduğunu göstərir.

Britaniya baş naziri Boris Johnson da oxşar açıqlama verib.

İran tərəfi raketlə vurulma iddialarını "psixoloji müharibənin bir məhsulu" adlandırıb və təkzib edib.

İran Mülki Aviasiya idarəsinin rəhbəri Əli Abedzadə İranın raketlə vurma iddialarını məntiqsiz haesab edib.

"Elmi cəhətdən bir raketin Ukrayna təyyarəsini vurub salması mümkünsüzdür və bu iddialar məntiqsizdir", Əli Abedzadə deyib.

Ukrayna daha öncə demişdi ki, təyyarənin raket hücumundan düşməsi ehtimalını araşdırır, ancaq İran bu versiyanı rədd etmişdi.

Təyyarə qəzası barədə xəbər İranın İraqda ABŞ hərbi bazalarına raket hücumu etməsindən bir neçə saat sonra verilib.

İranda qəzaya uğramış Ukraynanın Boeing-737 təyyarəsi qəzadan əvvəl aeroporta qayıtmağa cəhd edib, hadisəni araşdıran iranlı rəsmilər bildirir.

Göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb.

İlkin araşdırmaya görə, aeroport zonasını tərk edərkən problem yaranan təyyarədə "yanğın olub".

Qəza, İranın ABŞ qüvvələrinin yerləşdiyi iki hava bazasına raket zərbələri endirdikdən bir neçə saat sonra baş verib. Hərçənd ki, iki hadisənin əlaqəli olması barədə dəlil yoxdur.

İran aşkar olunmuş qara qutudakı uçuş qeydlərini Boeing və ya ABŞ-a təhvil verməyəcəyini bildirib. Lakin Fransa və Boeing mütəxəssislərini ölkəyə dəvət edib.

İranın  Mehr xəbər agentliyinə görə, Əli Abedzadə "qara qutunu istehsalçıya və amerikalılara verməyəcəyik" deyib.

"Bu qəza İranın aviasiya təşkilatı tərəfindən araşdırılacaq, ancaq ukraynalılar da iştirak edə bilər", o qeyd edib.

Cənab Abedzadə qara qutunun hansı ölkə tərəfindən tədqiq ediləcəyinin hələ ki, məlum olmadığını deyib.

Boeing şirkəti isə "lazımi şəkildə kömək etməyə hazır olduğunu" söyləyib.

Tehranda Ukraynanın Boeing-737 təyyarəsinin qəzaya düşməsi nəticəsində 7 ölkədən 176 nəfər ölüb, onların arasında Azərbaycan vətəndaşı yoxdur.

İranın Qızıl Aypara Cəmiyyəti sağ qalanları tapmaq şansının olmadığını bildirib.

Ukraynanın xarici işlər naziri Vadim Pristaiko deyib ki, ölənlər arasında 82 iranlı, 63 kanadalı, 10 isveçli, 4 əfqan, 3 britaniyalı, 3 alman, uçuş heyəti daxil olmaqla 11 ukraynalı olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, ilkin məlumata əsasən, Tehranda baş verən təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb.

Xəbəri paylaş

VİDEOLAR