İranın məhkəmə hakimiyyəti yanında fəaliyyət göstərən İnsan Hüquqları Şurası BMT-nin İnsan Haqları Şurasını kəskin tənqid edib...
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İranda koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə yaradılan Milli Mübarizə Qərargahının qərarına əsasən ölkə məscidlərində cümə namazlarının kütləvi şəkildə qılınması qadağan edilib.
Qərarda bildirilir ki, məscidlərin qapalı məkan olduğu və insanların kütləvi şəkildə belə yerlərə toplaşması virusun yayılması riskini artırır. Buna görə də cümə namazları qeyri-müəyyən vaxtadək təxirə salınır.
İranın Səhiyyə Nazirliyi bildirib ki, ölkədə virusa yoluxanların orta yaş həddi 54, ölənlərin isə 67 təşkil edir.
Qeyd edilir ki, nisbətən cavan şəxslərin yoluxma, yoluxduqda isə ölüm riski aşağıdır.
İran Silahlı Qüvvələri Baş Qərargahı Tibb İdarəsinin rəisi, general Həsən Əraqzadə bildirib: "Ordunun tabeliyində olan xəstəxanalar korona virusundan müalicə edilən xəstələr üçün ayrılıb. 20 səyyar xəstəxana yaradılaraq virusla mübarizə aparan tibbi personalın ixtiyarına verilib".
Virusun tüğyan etdiyi bir zamanda ABŞ İran ordusunun ərzaq təminatı ilə əlaqəli olan 5 şirkətinin adını sanksiyalar siyahısına əlavə edib.
İranın məhkəmə hakimiyyəti yanında fəaliyyət göstərən İnsan Hüquqları Şurası BMT-nin İnsan Haqqları Şurasını kəskin tənqid edib: "BMT ABŞ tərəfindən milyonlarla iranlının hüquqlarının pozulmasına göz yumur. İran səhiyyəsi korona virusla mübarizə apardığı bir zamanda sanksiyalar ucbatından çətinliklərlə qarşılaşır ki, bunun da nəticəsində sadə insanlar həlak olurlar. Lakin BMT bu faktları görsə də, səsini çıxarmır".
Bu arada Gürcüstan və Türkiyə də İrana tibbi ləvazimatlardan ibarət yardım göndəriblər.