İran İsveçdə Qurani-Kərimə edilən hücuma cavab olaraq İsveçin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsveçin Tehrandakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığı və Stokholmda Qurana edilən hücumların pisləndiyi bildirilib.
Dini dəyərlərə hörmət edilməli olduğu bildirilən bəyanatda bu ifadələr yer alıb:
"Sözdə ifadə azadlığı çərçivəsində həyata keçirilən bu aksiyada nifrət və zorakılıq da var.
İsveç administrasiyasının oxşar hücumlar qarşısında susması bu təkrarlanan hərəkətlərə təkan verir. Əgər İsveç öz vaxtında dini dəyərlərə qarşı hücumların qarşısını alsaydı, bu gün Qurana qarşı bu hücum baş verməzdi.
İran və digər İslam ölkələri bundan sonra İslam dəyərlərinə qarşı hücumlara dözməyəcəklər.
Biz İsveçdən öz məsuliyyətini yerinə yetirməsini və İsveç administrasiyasının dini dəyərləri hədəf alan hücumların qarşısını almasını tələb edirik".