Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna ordusuna məxsus 130 təyyarə, 99 helikopter və 2 153 tank və zirehli texnikanı vurduqlarını söyləyib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İqor Konaşenkov Rusiya ilə Ukrayna arasındakı müharibənin gedişatı ilə bağlı məlumat verib.
Rusiya hərbi birləşmələrinin Ukrayna silahlı qüvvələrinin Kahov Su Elektrik Stansiyasına raket hücumunun qarşısını aldığını deyən İqor Konaşenkov bildirib ki, bu mühüm obyekt Dnepr çayının axınını tənzimləyir, Xerson vilayətini elektrik enerjisi, Ukraynanın cənubundakı qəsəbələri və Krımın şimal bölgələrini su ilə təmin edir.
Konaşenkov su bəndinə atılan “Toçka-U” raketinin havada vurulduğunu və raket parçalarının Novoya Kaxovka qəsəbəsinə düşdüyünü bildirib.
İqor Konaşenkov bir gündə Ukraynaya məxsus altı hərbi obyektin yüksək dəqiqlikli raketlərlə vurulduğunu bildirib.
Rusiya hava qüvvələrinin Ukraynaya məxsus altı hərbi obyekti məhv etdiyini qeyd edən Konaşenkov deyib:
“İndiyədək Ukrayna ordusuna məxsus 132 təyyarə, 105 helikopter, 245 hava hücumundan müdafiə sistemi, 457 pilotsuz uçuş aparatı, 2 224 tank və zirehli texnika, 251 reaktiv yaylım atəşi sistemi, 971 haubitsa və minaatan, 2 mindən çox hərbi avtomobil məhv edilib’’.