Bağışlayan və Mehriban Allahın adı ilə
İmam Hüseynin (ə) qiyamının başqa bir fəlsəfəsi İslam cəmiyyətinə hakim olan batil xilafət sistemini və xəlifənin müqəddəsliyini məhv etmək idi. Nə qədər ki, xilafət müqəddəsliyi var idi, İslam ümməti islah oluna bilməzdi və İslam günü-gündən təhrif edilərək məhv olacaqdı.
Cəmiyyətin xilafət haqqında təsəvvürü necə idi? Müsəlmanların xilafət və xəlifəyə baxışı necə idi?
Peyğəmbərdən sonra bir sistem irəli sürdülər, ona “xilafət” dedilər, din və mənafe adına xəlifə oldular, itaəti vacib etdilər, etirazı qadağan etdilər, ona qarşı çıxanları cəzalandırdılar.
Əməvilər hakimiyyətə gəldikdən sonra xilafəti müqəddəsləşdirərək Allahın xəlifəsi, Peyğəmbərin xəlifəsi kimi titullardan istifadə etməyə başladılar. Bu sözlərlə xilafətə müqəddəslik libası geyindirdilər, onu toxunulmaz etdilər və etirazın caiz olmadığını camaata qəbul etdilər.
Xilafət müqəddəs olanda xəlifə də müqəddəs oldu. Xəlifə müqəddəs olanda xəlifənin gördüyü hər şey, verdiyi hər əmr müqəddəs sayıldığı üçün sorğu-sual oluna bilməzdi.
Xilafətin müqəddəsləşdirilməsinin səbəbi xəlifələrin əməllərini qanuniləşdirmək, onların söz və əməllərinə dini pərdə yaratmaq idi. “Xəlifə səhv edə bilməz, xəlifə müqəddəs yerdə oturduğu üçün Allahın adı ilə hər şeyi edə bilər” inamı hakim oldu. İnsanlar zülmə, haqsızlığa belə etiraz etmək iqtidarında deyillər.