İmam Cavadın (ə) şəhid olduğu gündür

İmam Cavadın (ə) şəhid olduğu gündür

Az.Rasthaber.com xatırladır ki, bu gün 9-cu İmam, Həzrəti Cavadın şəhid olduğu gündür.

– Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və Cavad olan 9-cu İmam (ə) hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur. Anası Peyğəmbərin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım idi. O, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Rza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.

İmam Cavadın (ə) imamət dövrü 17 il sürmüşdür.

Hicrətin 218-ci ilində Məmun vəfat etdi. Ondan sonra qardaşı Mötəsim xəlifə oldu. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin 220-ci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (ə) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur”.

Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq, İmamı (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi 25 il və bir neçə ay keçmişdi.

İmam Cavadın (ə) dünyaya gəlməsindən danışarkən Xanım Həkimə (s.ə) deyərdi:

“Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verdi. Mən bu hadisədən təəccüblənərək, qardaşımın yanına gəldim və əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: “Bacı, narahat olma, hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan”.

Xəbəri paylaş

VİDEOLAR