Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidmətinin fəaliyyəti ilə bağlı vahid konsepsiya hazırladığını bəyan edib
Bəs belə bir konsepsiyanın hazırlanmasının konstitusion əsasları varmı? BNA-nın belə bir konsepsiya hazırlamaq səlahiyyəti varmı?Hüquqşünas Ələsgər Məmmədli mövzunun hüquqi tərəfləri ilə bağlı ASTNA-nın suallarına cavab verib.
***
-Ələsgər bəy, Bakı Nəqliyyat Agentliyi taksi xidmətləri ilə bağlı vahid konsepsiya hazırlayır. Sizcə, belə bir konsepsiyanın hazırlanmasının konstitusion əsasları varmı?
-nın taksi xidmətləri ilə bağlı vahid konsepsiya hazırlanmasının konstitusiya hüququ baxımından əsası yoxdur. Ümumiyyətlə, BNA Nazirlər Kabineti yanında bir qurum kimi yaradılıb. Halbuki, nəqliyyat sektorunun tənzimlənməsi prezidentin 2012-ci ildə təsdiq etdiyi yerli icra hakimiyyətləri haqqında əsasnaməyə görə, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olan məsələdir. Yəni, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olan nəqliyyatın tənzimlənməsi məsələsində konkret olaraq hansısa bir agentliyin rol oynaması hökumətin öz funksiyasını həyata keçirməsi baxımından doğru deyil və öz səlahiyyətlərinin çərçivəsini aşmaqdır. Çünki Konstitusiyanın müddəalarına görə, yerli icra hakimiyyəti haqqında əsasnaməni təsdiq edən və ümumiyyətlə, yaradan prezidentdir. Amma Nazirlər Kabineti konstitusion qurumdur. Yəni, prezident tərəfindən yaradılmır. Belə olan halda Nazirlər Kabinetinin səlahiyyətləri konkret olaraq Konstitusiyanın 119-cu maddəsində göstəriləndən artıq olmamalıdır. İndiki halda Nazirlər Kabineti nəqliyyat prosesinə müdaxilə etməklə birmənalı olaraq öz səlahiyyətlərinin çərçivəsini aşır. O daha ümumi işlər görə bilər. Nəqliyyat məsələsi isə daha çox kommunal məsələdir və əslində bələdiyyələrin funksiyasına daxildir. İndiki halda bununla yerli icra hakimiyyətləri məşğul olur.
-Sizcə, taksi xidməti ilə bağlı vahid konsepsiyanın hazırlanması, eləcə də taksilərin hökumətin təyin etdiyi formada fəaliyyəti inhisarçılığa qarşı qanunvericiliyin pozulması deyilmi?
-Məsələnin ikinci tərəfi odur ki, ümumiyyətlə, taksi xidməti özəl təşəbbüslərə aid məsələdir. Normalda ictimai nəqliyyat hansısa formada bələdiyyə və ya icra qurumları tərəfindən tənzimlənir. Taksi xidməti isə özəl təşəbbüslərə aid məsələ olduğundan sərbəst bazar münasibətləri çərçivəsində xidmət göstərə bilər və bu xidmətin qiymətini də bazar müəyyən edər. Azərbaycanda bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müəyyən səlahiyyət verilib. Bu səlahiyyət çərçivəsində həmin taksi xidməti ilə məşğul olanlar birdəfəlik bəlli bir ödəniş edərək, icazə olaraq həmin işlə məşğul olurlar. Bunun xaricində hansısa formada qiymətə və ya xidmət edənlərin sayına müdaxilə etmək, eyni zamanda bazarın subyekti kimi bazarı tənzimləməyə qalxmaq birmənalı olaraq hökumətin səlahiyyətində deyil. Bu, səlahiyyətləri aşmaqdır. Ayrıca Konstitusiyanın 15-ci maddəsi deyir ki, Azərbaycanda dövlət bazar münasibətləri əsasında sosialyönlü iqtisadiyyatın inkişafına şərait yaratmalıdır. Azad sahibkarlığa təminat verməlidir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verməməlidir. Belə olan halda belə bir konsepsiya hazırlanırsa və bu konsepsiyada konkret olaraq taksi qiymətləri və digər məsələləri tənzimləməyə çalışılırsa, bu, avtomatik olaraq taksi sektorunun konkret olaraq monopoliyalaşmasına aparıb çıxaracaq. Çünki dövlətin bu işlərə əl uzatması faktiki olaraq xidmətin keyfiyyətinin aşağı düşməsinə, rəqabətin yox olmasına və monopoliyanın yaranmasına xidmət edir. Bu baxımdan belə bir addım Konstitusiyanın özünə açıq şəkildə ziddir. Konstitusiyanın 15-ci maddəsi buna imkan vermir. Konstitusiyanın 16-cı maddəsində isə göstərilir ki, dövlət xalqın və vətəndaşın rifahını yüksəldəcək addımlar atmalıdır, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalmalıdır. Bu o deməkdir ki, məsələn, vətəndaş daha ucuz taksi xidmətindən istifadə edir və bu, sosial baxımdan onun xeyrinə olan məsələdir. Amma bundan imtina olunacaqsa və daha bahalı tarifli xidmətə keçiriləcəksə, bu, artıq vətəndaşların hamısının bərabər şəkildə taksi xidmətinə çıxışının olmaması ilə nəticələnəcək. Bu isə birmənalı olaraq vətəndaşın rifahını yüksəltmək və sosial müdafiəsinə qayğı göstərməkdən daha çox monopolistlərə qayğı göstərməsinə və iqtisadi inhisara xidmət edəcək. Bu, Konstitusiyanın müddəlarına zidd bir yanaşmadır.