Əhmədinejad məktubda qeyd edir ki, Yəməndə hər gün günahsız insanlar ölür və yaralanır, infrastruktur məhv olur.
Rasthaber Azərbaycan xəbər verir ki, İranın eks-prezidenti Mahmud Əhmədinejad Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, həmçinin Yəmənin “Ənsarullah” hərəkatının lideri Əbdül Malik əl-Husi və BMT Baş katibi Antoniu Quterreşə məktub yazaraq Yəməndəki münaqişəyə son qoyulmasına dair çağırış edib.
“3 məktub cənab Əhmədinejadın bütün dünyanın yüksəkvəzifəli şəxslərindən ibarət komitənin yaradılması ilə Yəməndəki müharibənin dayandırılmasında vasitəçiliyə dairdir”, – deyə “New York Times” yazır.
Əhmədinejad məktubda qeyd edir ki, Yəməndə hər gün günahsız insanlar ölür və yaralanır, infrastruktur məhv olur.
BMT-dəki İran missiyasının mətbuat-katibi Əlirza Miryusifi bildirib ki, Əhmədinejad rəsmi şəxs olmadığı müddətcə, onun baxışları hökumət və administrasiyanın siyasətini təmsil etmir.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik isə deyib ki, məktub haqda məlumatlı deyil.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi koalisiya artıq bir neçə ildir ki, Yəmənə qarşı işğalçı siyasət yürüdür. Koalisiya Yəməndə onminlərlə günahsız insanı qətlə yetirib və yaralayıb, Yəməndə xəstəxanaları, su və ərzaq anbarlarını, məktəbləri və digər mühüm obyektləri məhv edir. Hazırda Yəməndə müharibə səbəbi ilə böyük aclıq və susuzluq yaşanır.