Livan Parlamentindəki Hizbullah Nümayəndəsi Əli Feyyaz, Sionist rejimin atəşkəsi dəfələrlə pozması qarşısında ölkə hökuməti və beynəlxalq tərəflərin nümayiş etdirdiyi zəif mövqeni tənqid edərək, işğalçıların müqavimətin infrastrukturunu məhv etdikləri iddiasının tamamilə əsassız olduğunu bildirdi.
Az.rasthaber.com xəbər verir ki, Livanla imzalanan atəşkəs müqaviləsində müəyyən edilən 60 günlük müddət yaxınlaşarkən, Sionist rejim müqaviləni pozmağa davam edir.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, Hizbullah millət vəkili Əli Feyyaz, Sionist rejimin xüsusilə atəşkəs dövründə Livanın cənub bölgələrinə qarşı təcavüzləri nəticəsində bu bölgələrdə çoxsaylı yaşayış məntəqəsi və infrastrukturun dağıdıldığını, onlarla Livan vətəndaşının şəhid edildiyini söylədi.
Hizbullahın Livan Parlamentindəki nümayəndəsi Əli Feyyaz, Sionistlərin müqavimətin infrastrukturunu məhv etdiyi barədə iddialarını qəti şəkildə təkzib edərək bunları vurğuladı: "Livanın cənubundakı sərhəd kəndlərində baş verənlər, mülki infrastrukturun sistematik şəkildə məhv edilməsinin və işğal rejiminin Cənubi Livanı yandırıb-yıxma cəhdinin nəticəsidir. Sionist rejimin Livandakı müqavimət infrastrukturunun dağıdılıb məhv edildiyi iddiası tamamilə əsassız və həqiqətdən uzaqdır."
Atəşkəsin tətbiqinə nəzarət edən beynəlxalq aktorların və Livan hökumətinin, İsrail rejiminin təcavüzü və atəşkəs müqaviləsini dəfələrlə pozmasına qarşı nümayiş etdirdiyi zəif mövqeyi tənqid edən Feyyaz bunları qeyd etdi: "Livan hökumətinin baş verənlərə münasibəti qətiyyət əlaməti göstərmir və atəşkəsin nəzərdə tutduğu iki aylıq müddətin sonuna qədər bu şərtlərə bir növ təslimiyyət anlamına gəlir. Düşməni təcavüzdən çəkindirən şey, bölgə ölkələrinin malik olduğu gücün ölçüsüdür."
Livan mediası, İsrail ordusunun dünən Livandakı atəşkəs müqaviləsini 8 dəfə pozduğunu, İsrailin son 58 gündə atəşkəsi pozma sayının 633-ə çatdığını bildirdi.