Hatayda güclü zəlzələ olub

Hatayda güclü zəlzələ olub

Türkiyənin Hatay şəhərinin Arsuz rayonundan 5,64 km məsafədə Aralıq dənizində 5,1 maqnitudalı zəlzələ olub.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 9,26 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 23:47-də qeydə alınıb.

KİV-də yayılan məlumata görə, zəlzələ nəticəsində öncəki güclü yeraltı təkanlardan zərər çəkmiş bir neçə bina çöküb. Təbiət hadisəsi Türkiyə ilə yanaşı Suriya və Livanda da hiss edilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Xəbəri paylaş

VİDEOLAR