İslam Dünyasında Qədir Xum bayramı qeyd edilir.
Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində Qədir-Xum bayramı münasibəti ilə tədbir keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, Quran tilavəti ilə başlanan tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, “İmam Hüseyn” məscidinin axundu Hacı Əziz Nəbiyev, ilahiyyatçı Kərbəlayi Sabir Ramazanov, ilahiyyatçı Mahir Məmmədov, Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zare və digər ruhanilər çıxış ediblər.
Çıxış edənlər bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, bu böyük bayramın mahiyyətindən, İslam aləmində önəmindən geniş söhbət açıblar. Allahın Peyğəmbərimizə (s) buyurduğu sonuncu sifarişi, vilayət məqamının əhəmiyyətini və Peyğəmbərimizin (s) əmanətləri qarşısında müsəlmanların üzərinə düşən öhdəlikləri açıqlayıblar.
“Allahın böyük bayramına yığışmışıq. Allah Quranda Peyğəmbərə buyurur ki, Allahın günlərini yada sal. Biz Allahın günlərindən, bayramlarından olan Qədir Xuma yığışmışıq. Burada Allahın razılığı var, rizayəti var. Allah vida xütbəsində vilayət və imamət nizamnaməsini, çatdırılacaq tapşırıqları dedi. Peyğəmbər buyurur ki, o şeylərki sizi Allaha yaxın edir, pisliklərdən uzaqlaşdırır hamısını sizə çatdırmışam. Ancaq xütbəsinin əsas isə İslam Peyğəmbərinin “Mən kimin rəhbəri, mövlasıyamsa Əli də onun rəhbəri, mövlasıdır. İmam gərək məsum ola, pislikdən uzaq ola. İmamı gərək Allah təyin edə. Onu hakim təyin edə bilməz, heç kəs onu imamlıqdan çıxara bilməz.”, -deyə alimlərdən biri tədbirdə önə çəkib.
Tədbirdə adları Əli olanlara hədiyyə, tədbir iştirakçılarına isə poster və braşurlar təqdim olunub. Nəhayət, şeir və İlahilərlə davam edən tədbir Fərəc duasının oxunması ilə başa çatıb. Sonda tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar.