Füzulidə şəhid olan əsgər 26 ildən sonra Yevlaxda dəfn edilib - FOTO

Füzulidə şəhid olan əsgər 26 ildən sonra Yevlaxda dəfn edilib - FOTO

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

"Report" xəbər verir ki, məlumatda deyilir: 

"Prezident İlham Əliyevin tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) Azərbaycan Respublikasının Baş prokuroruna müraciəti üzrə Bakı Hərbi Məhkəməsinin Qərarına uyğun olaraq, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistan Respublikasının silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub.

Həmin məzarlıqda yaxınlarının dəfn olunduğunu ehtimal edən 8 itkin ailəsinin iştirakı ilə Dövlət Komissiyası, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən 2019-cu ilin iyul ayında həyata keçirilmiş ekshumasiya prosesində 12 naməlum meyit qalığı müəyyən edilərək müvafiq nümunələr götürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ekshumasiya prosesinə texniki və ekspert dəstəyi göstərib.

Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyinin mütəxəssisləri tərəfindən aparılmış molekulyar-genetik ekspertizanın nəticələrinə əsasən, meyit qalıqlarından və dəfn edilən şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin iddiaçı Məmmədova Yasəmən Vəlyəddin qızı ilə valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. Eyni zamanda meyit qalıqlarının ekshumasiyası və molekulyar-genetik ekspertizasının yekunu ilə bağlı nəticələrə dair itkin ailələrinə ətraflı məlumat verilib. 

Yasəmən Məmmədovanın atası – Yevlax rayon sakini, Müdafiə Nazirliyinin 702 nömrəli hərbi hissəsində xidmət etmiş, 1971-ci il təvəllüdlü İbrahimov Vəlyəddin Səhrab oğlu 1994-cü il yanvarın 19-da Füzuli rayonu ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şəhid Vəlyəddin İbrahimovun nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Hərbi rituallara uyğun dəfn mərasimi Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Komissiyası, İmişli və Yevlax rayon icra hakimiyyətlərinin təşkilatçılığı, şəhid ailəsinin, ictimaiyyətin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında müəyyən edilmiş digər 11 naməlum meyit qalığının eyniləşdirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı tanınmadan dəfn edilmiş şəxslərə aid meyit qalıqlarının ekshumasiyası işi Dövlət Komissiyası ilə BQXK arasında 2008-ci ildə imzalanmış çərçivə sazişinə uyğun olaraq mərhələli davam etdirilir".

Xəbəri paylaş

VİDEOLAR