Çinin xarici işlər naziri Vanq Yi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən konfransda G-20-yə üzv olan ölkələrə müraciətdə deyib
Çinin baş diplomatı cümə axşamı Böyük İyirmilərin (G-20) xarici işlər nazirlərinin virtual konfransı zamanı Əfqanıstanda gözlənilən humanitar böhran və iqtisadi tənəzzüllə mübarizəyə yardım etmək üçün Taliban tərəfindən idarə olunan ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyalara son qoymağa çağırıb.
Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən konfransda G-20-yə üzv ölkələrin beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində qlobal platforma olaraq bu Cənubi Asiya ölkəsinə yardımda "konstruktiv rol" oynamaq məcburiyyətində olduqlarını deyib.
"Əfqanıstana qarşı hər hansı birtərəfli sanksiyalar və ya məhdudiyyətlər ləğv olunmalıdır" - deyə Vanq bildirib.
Talibanın keçən ay yenidən hakimiyyətə qayıtması ABŞ-ı Kabil üçün saxladığı milyardlarla dolları dondurmağa vadar edib. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Əfqanıstanın maliyyəsinin inkişafına çıxışını dayandırıb.
Əfqanıstan məsələsinin müzakirə edildiyi konfransda Vanq "Əfqanıstanın valyuta ehtiyatları onun milli sərvətidir və onun xalqına aiddir və Əfqanıstana siyasi təzyiq göstərmək üçün bir alət kimi istifadə olunmaq əvəzinə xalq üçün istifadə edilməlidir" deyib.
Amerika Birləşmiş Ştatları və digər ölkələr hər hansı birbaşa əlaqə qurmadan və ya diplomatik səviyyədə tanımadan əvvəl Talibanın insan haqlarına hörmət edilən bir inklüziv hökumət qurmasını və sərt İslam qanunlarından istifadə etməməsini istəyib.
Vanq "Çin Böyük İyirmilər üzvlərini Əfqanıstandakı mövcud likvidlik problemini azaltmaq üçün fəal addımlar atmağa çağırır" deyib. O, eləcə də beynəlxalq maliyyə qurumlarını Əfqanıstanda yoxsulluğun azalması, davamlı inkişaf, dolanışıq və infrastruktur layihələrinə maliyyə dəstəyi ayırmağa çağırıb.
Vanq Əfqanıstan vətəndaşlarının təcili ehtiyaclarını ödəmək üçün səyləri ikiqat artırmağa və humanitar yardımı sürətləndirməyə çağırıb. O, Pekinin COVID-19 peyvəndi dozalarının ianəsi də daxil olmaqla, Kabilə 31 milyon dollar dəyərində "yardım materialları" verməyə qərar verdiyini bildirib.