Eldar Mahmudovun ailəsi Avropada 100 milyon avroluq biznes qurub

Eldar Mahmudovun ailəsi Avropada 100 milyon avroluq biznes qurub

OCCRP, "Finance Uncovered" jurnalist araşdırmaları layihəsi və Transparency International təşkilatı tərəfindən aparılan araşdırmada iddia olunur

Azərbaycanda 11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun "ailə üzvləri Avropada təxminən 100 milyon avroluq biznes imperiyası qurub", bir araşdırmada iddia olunur.

Araşdırma Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdə "onun ailə üzvləri ilə əlaqəlİ şirkətlər və daşınmaz əmlak biznesləri" barədədir.

"Bu əmlak və şirkətlərin hamısı demək olar ki, Eldar Mahmudovun 36 yaşlı oğlu Anar Mahmudov və 31 yaşlı qızı Nərgiz Mahmudovaya aiddir", Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP),"Finance Uncovered" jurnalist araşdırmaları layihəsi və Transparency International təşkilatı tərəfindən aparılan araşdırmada iddia olunur.

BBC News Azərbaycanca Mahmudovlar ailəsindən məsələ ilə bağlı şərh ala bilməyib.

Jurnalistlərin sorğusuna cavab olaraq Anar Mahmudov və Nərgiz Mahmudova vəkil vasitəsi ilə ailələrinin sərvətlərinin bir əcdadlarından, 19-cu əsrdə yaşamış sahibkar Aslan Aşurovdan miras qaldığını bildiriblər.

Onların vəkili həmçinin "qardaş-bacıya məxsus aktivlərin və biznes maraqlarının qanuni və tənzimləyici tələblərə uyğun qeydiyyata alındığını və hesabatı verildiyini" bildirib.

Araşdırmada nə deyilir?

Eldar Mahmudovun övladları Londonda məşhur Harrods dükanı yaxınlığında təxmini dəyəri 17.35 milyon funt sterlinqə (21,4 milyon dollar) alınmış bir ev də daxil olmaqla, dəbdəbəli mülklər əldə ediblər, təhqiqatda deyilir.

Həmin mülkün - idman zalı, spa, kinoteatrlı dördmərtəbəli binanın Londonun varlı məhəllələrindən birində, Knightsbrige-də yerləşdiyi bildirilir.

Araşdırmada iddia olunur ki, bacı-qardaşın əldə etdiyi daşınmaz əmlaka Britaniyanın sahil şəhəri olan Paul və Bornemut şəhərlərində yerləşən ofis mərkəzləri də daxildir. Ofislərin ümumi dəyəri 13,5 million funt sterlinq (16, 7 milyon dollar) təşkil edib.

Anar Məmmədovun 2018-ci ilin yarısınadək Londonda bir restoran və barın "həmsahibkarı olduğu" da qeyd edilir.

Araşdırmaya görə, o, 2018-ci ildə öz səhmlərini başqasına, bir müvəkkilə verib.

Britaniyada bu hadisə ilə eyni ayda onun qaynanası olduğu iddia edilən Zamirə Hacıyevadan - ölkə tarixində ilk dəfə olaraq "İzahedilməmiş Sərvət Sərəncamı"nın şərtlərinə əsasən - var-dövlətinin mənbəyinin izah edilməsi istənilib.

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva on il ərzində Londonun məhşur dükanı Harrods-da 21 milyon dollar xərcləyib. O, Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmasına qarşı mübarizə aparır. Evin hazırki qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndilir.

Araşdırma Mahmudovların Maxorka (İspaniya), Lüksemburq və Litvada da əmlak və bizneslərinin olduğunu iddia edib.

Araşdırma "2019-cu ilin noyabr ayında Man adasındakı Cayman Milli Bankının Ltd. (CNBIOM) ələ keçirilmiş və internetdə yayımlanmış müştəri sənədlərinə əsasən aparılıb. Bu bank sənədlərində bir şirkət vasitəsilə böyük məbləğdə pul köçürməsinin "narahatlıq yaratdığı və buna görə araşdırma aparıldığı" iddia olunub.

Sənədlərdə deyilir ki, Cahangir Hacıyevin həbsi və Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılmasından sonra Cayman Milli Bankında Mahmudovla bağlı hesablar bağlanıb.

Eldar Mahmudov 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Rəsmi məlumatda MTN rəhbərinin azad olunmasının səbəbləri göstərilməyib.

Azərbaycanda bu araşdırma necə qarşılanıb?

Milli Məclisin deputatı Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib ki, bu məsələ ilə bağlı "araşdırma aparılmalıdır".

"Görünür, nəzarətsizlikdən istifadə edərək belə hallar ortaya çıxıb. Məhz bunlara görə də o, zamanında vəzifədən götürüldü, indi də əməlləri araşdırılır. Səlahiyyətli orqanlar bu məsələni araşdırmalıdır və yəqin ki, bu məsələ ilə məşğul olurlar", deputat bildirib.

Eldar Mahmudovdan araşdırmadakı iddialara şərh almaq mümkün olmayıb.

Prezidentin sözçüsü Azər Qasımov BBC News Azərbaycancaya bildirib ki, onlar prezidentin fəaliyyəti ilə bağlı məsələlərlə məşğul olduğundan, bu, ona aid məsələ deyil.

Baş Prokurorluq bu araşdırma ilə bağlı sabah şərh verəcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR