DSX: Azərbaycan-Gürcüstan sərhədində insident baş verib

DSX: Azərbaycan-Gürcüstan sərhədində insident baş verib

Dekabr ayının 6-da Azərbaycan-Gürcüstan sərhədində baş vermiş insident nəticəsində gürcü çoban xəsarət alıb

Dekabr ayının 6-da Azərbaycan-Gürcüstan sərhədində baş vermiş insident nəticəsində gürcü çoban xəsarət alıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

“Dekabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Cey­rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi müşahidə olunub. Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaran­ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edib. Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olmasını aşkar edib”, - deyə məlumatda bildirilir.

Həmin şəxsin Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş­dirilib. Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös­tə­rilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Ha­zırda səhhəti qənaətbəxşdir.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçirilib.

“Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır”, - deyə məlumatda qeyd olunur.*

Xəbəri paylaş

VİDEOLAR