Həbsdə olan dini fəalların ailə üzvləri iyunun 2-də Azərbaycan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçiriblər.
Rasthaber Azərbaycan Turan-a istinadən xəbər verir ki, onlar öz qohumlarının portretlərini əllərində tutaraq onların azad edilməsini tələb ediblər.
Aksiya iştirakçılarından biri bildirib ki, fəalları narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs ediblər, lakin istintaqda onlardan İran hakimiyyətilə əməkdaşlıq barədə soruşurlar. Eyni zamanda, dövlət KİV-i onları "İran casusları" elan edib.
Polis aksiyanın gedişinə müdaxilə etməyib. Etirazçıları prokurorluqda qəbul ediblər.
*Son aylarda Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 100-dən çox dini fəal həbs edilib. Kütləvi həbslər "İran casusları"nın ifşa olunması barədə informasiya kampaniyası ilə müşayiət edilib. Həbslər Azərbaycanın İranla münasibətlərindəki gərginlik fonunda baş tutub.