Məlum olduğu kimi, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiyasını elan edib.
Gələcək Partiya adlanan siyasi təşkilat ciddi şəkildə gündəmdə müzakirə olunmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, Ə.Davudoğlu hakim partiya olan AKP-nin şinelindən çıxmış şəxsdir və prezident Rəcəb Tayyib Ərdoğanın komandasının liderlərindən biri olub.
Bu baxımdan o, indiyə qədər AKP-dən bəzi simaları öz tərəfinə çəkə bilib. Prosesin hansı formada cərəyan edəcəyi, sabiq nazirin uğur qazanıb-qazanmayacağı barədə çoxsaylı fikirlər səsləndirilir. Çoxları Gələcək Partiyanın Türkiyədə AKP, CHP və MHP kimi böyük partiyalarla rəqabət apara bilməyəcəyini düşünür və ən yaxşı halda son illərdə meydana çıxan sabiq daxili işlər naziri Maral Akşenerin İyi Partiyası nüfuzunda olacağını qeyd edir.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli burada çox incə məqamların olduğunu vurğuladı: “Davudoğlunun partiyası sözün tam mənasında bir layihə partiyasıdır. Çünki əsas hədəf sırf AKP-dən narazı qalan elektoratı özünə çəkmək və onu dağıtmaqdır. Bu partiya konkret müxalifət cəbhəsindən böyük bir dəstək əldə edəcək. Elə ilk isti yanaşma da İyi Partiyanın lideri Maral Akşenerdən gəldi. CHP-nin onun üçün ayırdığı millət vəkili ilə TBMM-də yer alan bu partiya eyni jesti Davudoğlu üçün də edəcək. Bir növ siyasətin müxalifət siması Ərdoğanı öz silahı ilə vurmağa başlayır. Güman ki, bu partiya ilə AKP ciddi şəkildə yara alacaq. Çünki həm müxalifət güclənir, həm iqtidar partiyası və onun müttəfiqi MHP nisbətən rəqib təfəkkürlü partiyalara nəzərən zəifləyir. Demək ki, öldürücü zərbəni Davudoğluna buraxırlar.
Davudoğlunun əsas missiyası Ərdoğana alternativ olsa da, vəzifəsi dağıdıcılıq olacaq. Məclisə düşəcək, amma o heç vaxt Ərdoğanın xarizmasında olmayacaq. Amma niyyət olaraq tərkibinə daxil etdiyi kürd, ələvi, qaraçılar və digər etnik azlıqlara münasibətdə dayandıqları cizgi amal olaraq hər kəsin partiyası olmağı güddüyünü bildirir. Sadəcə, Davudoğlunun kimliyi ona bu mərkəzçi funksiyanı oynamağa imkan vermir. Ən azından Suriya siyasətinin uğursuzluğu, rus təyyarəsinin vurulması kimi qalmaqallar və türk xalqının düşdüyü bataqlıq bu adamın ”strateji dərinliyi"nin nəticəsidir".
Politoloq Məhəmməd Əsədullazadə Davudoğlunun uğur qazanmayacağını düşünür: “Türkiyədə siyasi sistemdə dəyişiklik əsasən 2023-cü ilə hesablanır. Qərb və daxildə müəyyən siyasi partiyalar indidən plan qurur və güclənməyi, AKP-ni zəiflətməyi planlayırlar. AKP-nin zəiflədilməsi istiqamətində atılan addımlar heç də müsbət nəticələnməyə bilər. Bu partiyanın şinelindən çıxan Ərdoğanın sayəsində siyasətin zirvəsinə qalxan Əhməd Davudoğlunun yeni partiya ilə meydana çıxıb, AKP-ni parçalaması mümkün görünmür. Çünki Davudoğlunun qarşısında güclü və hələ də öz xarizması ilə ictimaiyyətin dəstəyini alan Ərdoğan var. Burada MHP də AKP-nin yanındadır və belə olduqda Davudoğlunun Gələcək Partiyasının təkbaşına uğur qazanacağı gözlənilmir. Hesab edirəm ki, Davudoğluna dəstək verən Qərbdə müəyyən dairələr AKP-nin parçalanmasını reallaşdıra bilməyəcəklər. Hazırda Türkiyənin Aralıq dənizində öz üstünlüyünü əldə etməsi, Suriya münaqişəsində maraqlarını qoruması AKP-nin nüfuzunu qaldırıb. İqtisadi sanksiyaların təsirindən sosial vəziyyət tam ağırlaşsa, Davudoğlu bunun üzərindən bir qədər xal qazana bilər. Çünki o, Qərbin siyasətini dəstəkləyir.
Bu da ona imkan verməyəcək ki, əsas elektoratı ətrafına toparlaya bilsin. Davudoğlunu ictimaiyyət Ərdoğanın komandası kimi görüb və yaxşı bilirlər ki, Davudoğlunun missiyası və atacağı addımlar Ərdoğan kimi olmayacaq. Ərdoğan olan yerdə universitet müəlliminin liderliyi kölgə kimidir. Açıq bilinir ki, bu, inciklik və qisasın nəticəsində yaradılan partiyadır. Ona görə də bir inciklik və şəxsi qisasçılıq prinsipləri üzərində qurulan təşkilat partiya olmaz. Qeyd edim ki, Davudoğlu Akşenerlə birləşsə də, AKP-MHP kimi qalib gələ bilməyəcəklər. Ümumiyyətlə, Davudoğlunun partiyasının AKP-yə ciddi zərər vuracağını düşünmürəm. Heç Abdulla Gül və Əli Babacan da Davudoğlunun yanında olmayacaq. Akşenerin İYİ Partiyası kimi kiçik partiyadan ibarət olacaq. Hətta deyərdim ki, Akşenerin liderlik etdiyi partiya Gələcək Partiyasından daima güclü olacaq. Bu qədər bəsit. Doğrudur, Ərdoğanın partiyası bir qədər iqtisadi səbəblərə görə zəifləyib. Amma Davudoğluna görə ciddi parçalanmaların olacağı gözlənilmir. AKP-MHP İttifaqı nəticəsində proseslər 2023-cü ilə güclənməklə gedir. Ola bilər ki, parlament seçkilərində Davudoğlu bir neçə nəfərlə TBMM-də təmsil olunsun. Onun hakimiyyətə gəlmək şansı yoxdur. CHP və MHP kimi nəhənglər AKP-ni məğlub edə bilmədi. Kiçik və öz içərilərindən çıxan biri AKP-ni zəiflədə bilməz”.
“Yeni Müsavat”