Covid-2019 koronavirusuna yoluxma faktı daha 4 ölkədə aşkar edilib.
Rasthaber Azərbaycan Trend-ə istinadən xəbər verir ki, faktlardan biri Danimarkada qeydə alınıb.
Yerli TV2 telekanalının əməkdaşının İtaliyada dağ kurortunda istirahətdən qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olub. Hazırda o, karantinə alınıb.
Onun yoldaşında və övladında virus aşkar edilməyib.
Bundan başqa, Estoniyada İrandan gəlmiş bir kişidə koronavirus müəyyən edilib. Onun Estoniya vətəndaşı olmadığı deyilir.
Rumıniyada da yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb. Bunu ölkənin Səhiyyə Nazirliyinin dövlət katibi Horatsiu Moldovan deyib.
Onun sözlərinə görə, yoluxma halı Qorj qəzasında yaşayan şəxsdə aşkarlanıb. Bildirilir ki, bu şəxsə virus 18-22 fevral tarixində ölkədə səfərdə olan İtaliya vətəndaşından keçib.
Bundan əlavə, Norveçdə də yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb. Bildirilir ki, yoluxan şəxs Tromsö şəhərinin sakinidir.