Az.Rasthaber.com xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Çinə rəsmi səfəri çərçivəsində həmkarı Çen Qanqla görüşüb.
Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ç.Qanq Çin-ABŞ əlaqələrinin diplomatik əlaqələrin qurulmasından bəri ən pis nöqtədə olduğuna və bu vəziyyətin iki ölkənin maraqlarına uyğun olmadığına diqqət çəkib.
Çinin ABŞ ilə münasibətlərini prezident Si Cinpin tərəfindən irəli sürülən qarşılıqlı hörmət, dinc yanaşı yaşama və əməkdaşlıq prinsipləri çərçivəsində gördüyünü ifadə edən Çen Qanq bunların ümumi ruh, məqsəd və qırmızı xətti gözləməklə mümkün olduğunu söyləyib.
Ç.Qanq ABŞ ilə sabit, proqnozlaşdırıla bilən və konstruktiv əlaqələr qurmaq istədiklərini bildirib: "Biz ümid edirik ki, Birləşmiş Ştatlar Çinə qarşı obyektiv və rasional baxışı qəbul edəcək, münasibətlərin siyasi əsasını qorumaq və ayrı-ayrı gözlənilməz hadisələri rasional, sakit və peşəkar şəkildə idarə edəcək. Tərəflər ABŞ və Çin dövlət başçılarının Bali görüşü zamanı əldə etdikləri anlaşmanın məzmunu və ruhuna uyğun olaraq münasibətləri yenidən sabit məcraya yönəltməyə çalışmalıdır.
Tayvan məsələsi Çinin köklü marağı, dövlətin ən mühüm problemi və Çin-ABŞ münasibətlərində aşkar riskdir. Çin ABŞ-ı üç birgə bəyannamədəki öhdəliklərinə əməl etməyə və "Tayvanın müstəqilliyini" tanımamağa çağırıb”.
ABŞ Dövlət Departamentindən verilən məlumata görə isə Entonu Blinken səhv hesablama risklərindən qaçmaq üçün müxtəlif sahələrdə və diplomatiyada ünsiyyət kanallarının açıq saxlanmasının vacibliyinə diqqət çəkib. O, münasibətlərdə narahatlıq doğuran məsələləri yoluna qoymaqda əməkdaşlıq imkanlarının mümkün olduğunu bildirib, eyni zamanda, “ABŞ-ın həmişə Amerika xalqının maraqlarını və dəyərlərini müdafiə edəcəyini, azad, açıq dünya və qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etmək üçün müttəfiqləri və tərəfdaşları ilə birlikdə çalışacaqlarını” söyləyib.
E.Bilinkenin dialoqu davam etdirmək üçün çinli həmkarını Vaşinqtona dəvət edib.
Görüş zamanı tərəflər Çin-ABŞ münasibətlərində rəhbər prinsiplər üzrə məsləhətləşmələri davam etdirmək, birgə işçi qruplarla müəyyən problemləri həll etmək, biznes və təhsil sahəsində qarşılıqlı əlaqələrə təşviq etmək barədə razılığa gəliblər.