Çavuşoğlu və Lavrov Qarabağla bağlı müzakirə etdilər

Çavuşoğlu və Lavrov Qarabağla bağlı müzakirə etdilər

Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Rasthaber TRT-yə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın humanitar atəşkəsə əməl etməməsi, mülki əhaliyə hücumlar, o cümlədən Ermənistan ordusu tərəfindən Tərtər rayonunun atəşə tutulması müzakirə olunub.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən görüşlərdə 10 oktyabr 2020-ci il tarixində yerli saatla 12:00-dan qüvvədə olacaq şəkildə Dağlıq Qarabağdakı cənazələrin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar məqsədli atəşkəs qəbul etmişdi.

Ermənistan ordusunun atəşkəs qərarının üzərindən 24 saat keçmədən Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücumu nəticəsində 9 mülki vətəndaş həlak olub, 34 nəfər isə yaralanıb. 

Digər tərəfdən nazir Çavuşoğlu Çex Xarici İşlər naziri Tomas Petricek və Latviya Baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks ilə də telefonla danışıb.

Xəbəri paylaş

VİDEOLAR