Bu gün 4-cü İmam, Həzrət Səccadın(ə) şəhadət günüdür
Bu gün qəməri təqvimi ilə 25 məhərrəm Hz.İmam Səccadın(ə) şəhadət günüdür.
İmam Səccadın (ə) dövründə Əməvilərə qarşı əsasən dörd məhşur qiyam baş vermişdi. Onlardan ikisini Kufə, birini Məkkə, birini də Mədinə əhli etmişdi.
Kərbəla hadisəsindən çox keçməmişdi ki, 5000 minlik şiə ordusu İmam Hüseynin (ə) intiqamını almaq üçün qiyam etdi. Bu qiyam tarixə “Təvvabin” (“Tövbə etmişlər”) adı ilə düşüb. Təvvabin hərəkatının məqsədi yalnız və yalnız intiqam idi. Xəlifənin ordusu ilə döyüşən qiyamçılar məğlub oldu. Sağ qalmışlar isə Kufəyə dönüb Muxtar Qiyamına qoşuldular.
Yezidin xilafətinə qarşı çıxan Zübeyrin oğlu Abdullah Məkkə əhalisini Yezidə qarşı qaldıraraq hicri 61-ci ildə Məkkə hakimiyyətini öz əlinə keçirdi. O, özünü xəlifə elan etdikdən sonra Əməvilərin siyasətindən narazı bölgələri öz dövlətinə birləşdirdi. Beləliklə Şamda Yezid xilafət edirdi, Məkkədə isə Abdullah. Hətta Əməvilərdən İmam Hüseynin (ə) intiqamının alınmasına ümid edən Kufə əhalisi Abdullah ibni Zübeyrə qoşuldu. Ancaq onun da Əhli-Beytə (ə) düşmən olduğunu, Əməvilərdən fərqlənmədiyini görən kufəlilər ondan üz çevirib Muxtarın başına toplaşdı. Xəlfə Əbdülməlikin dövründə Şam qoşunu Məkkəyə hücum etdi və Abdullahın 12 illik hakimiyyətinə son qoydu.
Hicri 66-cı ildə Muxtar adlı bir şəxsin başçılığı ilə kufəlilər İmam Hüseynin (ə) qatillərindən intiqam almaq məqsədilə yenidən qiyam etdilər. Onlar Peyğəmbər (ə) övladlarının qatillərini yaxalayəb amansızcasına qətlə yetirdilər. Haqq məqsədi batil vasitələrlə həyata keçirdiyinə görə Muxtar İmam Səccad (ə) tərəfindən məzəmmət olunmuşdu. Muxtar İraqın böyük hissəsini tutub Kufənin hakimi oldu. Abdullah ibn Zubeyr Muxtara qarşı qoşun göndərdi və hicri 67-ci ildə Muxtarın qoşunu məğlub oldu.
Amansızcasına yatırılan qiyamlardan biri isə Mədinə əhlinin üsyanı idi. Bu faciə tarixə Hirrə faciəsi kimi düşüb. Yezidin xilafəti zamanı hicri 62 ya 63-cü ildə Mədinə valisi bir neçə şəhər böyüklərini gənc xəlifənin görüşünə göndərdi ki, Yezid onları ələ ala bilsin, çünki Mədinə əhli Kərbəla hadisəsindən böyük hiddətə gəlmişdi. Ancaq düşüncəsiz Yezid onların yanında açıq aşkar içki içir və digər şəriətə zidd əməllər edirdi. Bundan dəhşətə gələn mədinəlilər şəhərlərinə döndükdə əhalini qiyama səslədilər. Beləliklə də şəhər valisi və Əməvi nəslinin nümayəndələri Mədinədən qovuldular. Xəbər Yezidə yetişdikdə o, qiyamçıları cəzalandlrmaq üçün böyük bir qoşun göndərdi. Peyğəmbər (s) nəslinin nümayəndələri, səhabə və tabeinlərin yaşadığı bu şəhər üç gün müddətində soyqırıma məruz qaldı. İmam Səccad (ə) bu işə qarışmadığıdan onun və yaxınlarının canı amanda qaldı.
İmam Səccadın (ə) İmamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək, ehtiyatlı, uzaqgörən, ədib (ədəbiyyatla məşğul olan), istedadlı və alim kimi qələmə vermişlər. “Əl-Fəxri” kitabının müəllifi deyir: “Əbdülməlik ağıllı, düşüncəli alim, fəzilətli ədib, istedadlı, çox zülmkar, çox heybətli dahi siyasətçi və gözəl tədbirli bir şəxs olmuşdur”.