Bu gün yeddinci İmam Museyi-Kazimin (ə) mövludu günüdür.
İmam Musa (ə) hicrətin 128-ci ilində (745-ci il) zilhiccə ayının 20-si, bəzi mənbələrdə isə səfər ayının 7-si Məkkə və Mədində arasında, Əbva adlı yerdə dünyaya gəlib.
İmam Museyi Kazımın (ə) imamət dövrü dörd Abbasi xəlifənin hakimiyyəti zamanına düşmüşdü. Bunlar Mənsur Dəvaniqi, Məhəmməd, Musa və Harun ər-Rəşiddir. Abbasilər özlərini zahirən Əhli Beyti (ə) sevənlər kimi aparır, onlara hörmət bəslədiyini deyirdilər. Lakin Harun ər-Rəşid camaatın İmama qarşı olan məhəbbətindən narahat idi. O bilirdi ki, insanlar xüms və zəkatı (dini vergilər) Əhli Beytə (ə) ödəyirlər. Bu səbəbdən xəlifə İmam Musanı (ə) Mədinədən Bəsrəyə göndərir və həbs etdirir.
Bəsrə zindanında İmam (ə) öz əxlaqı ilə şəhər valisini elə təsirləndirmişdi ki, o, xəlifənin İmamı öldürmək qərarına qarşı çıxmışdı. Bu səbəbdən Həzrəti Bağdada köçürdülər. Lakin orada da eyni hadisə baş verdi. Yalnız üçüncü dəfə Sind adlı zindan rəhbəri xəlifənin əmri ilə İmamı zəhərləməyə razı oldu və onu şəhadətə çatdırdı.
Həzrəti Musa ibn Cəfər (ə) 55 yaşında şəhid edilib. Onu İraqın Kazimeyn şəhərində dəfn ediblər. Bu gün İmamın məzarı milyonlarla insanın ziyarət ocağına çevrilib.