İran Britaniya Parlamentinin təhlükəsizlik ittihamlarına sərt cavab verdi.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının Londondakı səfirliyi yayımladığı bəyanatda, Britaniya Parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin son hesabatını “qərəzli, siyasi və əsassız” adlandıraraq, irəli sürülmüş bütün ittihamları qəti şəkildə rədd edərək bu addımı gərginlik yaradan və diplomatik prinsiplərə zidd bir hərəkət kimi qiymətləndirib.
Bəyanatda deyilir:
Səfirlik, bu hesabatda yer alan əsassız, siyasi motivli və düşməncəsinə ittihamlara qarşı sərt etirazını və qəti rəddini bildirir.
Bəyanatın davamında qeyd olunur:
İran İslam Respublikası hökuməti bu ittihamları tamamilə rədd edir və onları məsuliyyətsiz, uydurma və İranın qanuni milli və regional maraqlarını təhrif etmək üçün aparılan genişmiqyaslı bir kampaniyanın tərkib hissəsi sayır.
Bu iddiaların heç biri etibarlı sübuta əsaslanmır və İranın beynəlxalq hüquq, dövlətlərin bərabər suverenliyi və dinc yanaşı yaşama prinsiplərinə olan sadiqliyi ilə ziddiyyət təşkil edir.
İran səfirliyi əlavə edib:
Aydın şəkildə görünür ki, bu qərəzli və siyasi hesabat nə reallığa əsaslanır, nə də anlaşılmazlıqları aradan qaldırmağa xidmət edir. Əksinə, ictimai rəyə və siyasi qərarvericilərə yanlış məlumatlar ötürərək məsələni daha da səhv qərarlar verməyə yönəldir.