O Həzrətin (ə) İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuşdur
Rasthaber Azərbaycan xəbər verir ki, bu gün Əhli-beyt (ə) davamçılarının onuncu İmamı - İmam Əliyyən-Nəqinin (ə) mövlud günüdür. İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (ə), anası isə hörmətli Səmanə xanım olmuşdur. Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” də deyirdilər.
İmam Hadi (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı. O, hələ uşaq olmasına baxmayaraq, bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. O Həzrətin (ə) İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin iki yüz əlli dördüncü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.
Çətin dövr
İmamların öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri İslam və şiəlik tarixinin ən parlaq səhifələrindən sayılır. Onların zülmü ilə barışmamaları və yoxsulların tərəfini saxlamaları zülmkarları qəzəbləndirirdi.Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o Həzrətin yaşadığı ən ağır dövr Mütəvəkkilin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir adam idi. Zahirdə özünü dindar göstərsə də, bu oyun yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil hicrətin iki yüz otuz altıncı ilində əmr verdi ki, şəhidlər ağası İmam Hüseynin (ə) məqbərəsi və onun ətrafında olan binalar (tikililər) sökülərək, əkin sahəsinə çevrilsin. Eyni zamanda o Həzrətin ziyarətinin qarşısını almaq məqsədilə yaxınlıqda gözətçilər saxlanılsın.
İmam Hüseynin (ə) qəbrini heç bir müsəlman sökməyə hazır olmadığı üçün bu işi əsli yəhudi olan Dizəc adlı bir şəxs yerinə yetirir. Mütəvəkkil İmam Hüseynin (ə) qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq. O qorxurdu ki, İmam Hüseynin (ə) məqbərəsi hökumət əleyhinə bir qərargaha çevrilib, o Həzrətin şəhadəti xilafətin zülmlərinə qarşı yönəldilmiş qiyamlara ilham bağışlasın. Ancaq o Həzrətin şiə və dostları, onu sevənlər bir an olsun belə, o müqəddəs qəbrin ziyarətindən qalmır və min bir müsibətə, əzab-əziyyətə qatlaşaraq, yenə oranı ziyarət etməyə gedirdilər. Mütəvəkkilin ölümündən sonra Əhli-beyt (ə) yolunun davamçıları əl-ələ verib İmam Hüseynin (ə) məqbərəsini yenidən bərpa etdilər.
İmam Hüseynin (ə) məqbərəsinin sökülməsi müsəlmanları bərk qəzəbləndirdi. Bağdad əhalisi bütün küçələrə, divarlara, məscidlərə Mütəvəkkilin əleyhinə şüarlar yazmağa, mübariz şairlər isə onun əleyhinə şeirlər yazaraq onu tənqid etməyə başlayırlar.
İmam Hadi (ə) kəraməti
Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: «Siz nə üçün məmurlarınıza İmam Hadiyə (ə) hörmət etmələrini və o içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy İmam (ə) da başqa adamlar kimi gəlib getsin ki, xalqın gözündə nüfuzdan düşsün. Mütəvəkkil onun istəyini qəbul edib, məmurlarına əmr etdi ki, İmam (ə) gələndə pərdələri qaldırmayıb, qapıları açmasınlar.
Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: «İmam (ə) gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, İmamın (ə) dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcək».
Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, İmamla (ə) əvvəllər olduğu kimi davranaraq, o Həzrətə daha artıq hörmət etsinlər.
Haqq yolunda şəhadət
Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan ibn Sikkitdən «Mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki oğlu Həsən və Hüseyni?» - deyə soruşdu.
O, dərhal və cəsarətlə belə cavab verdi: «Həzrət Əlinin (ə) qulu olan Qənbəri də səndən və sənin uşaqlarından daha artıq sevirəm!»
Bu zaman Mütəvəkkil yerində qovrularaq ilan kimi dərhal əmr etdi ki, bu böyük şəxsiyyətin dilini boxazından çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.
İmamın elmi məqamı
Həzrət Hadinin (ə) elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq, onu yaradılış sirrindən xəbərdar edirdi. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: «İncildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu İncildə tapa bilmədik».
Abbasi xəlifəsi bütün alimləri toplayaraq, bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə İmam Hadini (ə) də dəvət edərək, həmin məsələni ondanda da soruşdu. İmam (ə) belə buyurdu: «O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namaz üstə oxuduğu “Həmd” surəsidir». Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək, bütün alimləri heyrətdə qoydu. İmamın (ə) verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi.