Dövlət İmtahan Mərkəzi (DİM) bu gün bir neçə imtahan keçirəcək.
Az.rasthaber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün baş tutacaq.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək.
İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda 34 445 (Bakıda 11 537, Naxçıvanda 1 771, Gəncədə 2 523, Şəmkirdə 785, Qazaxda 939, Sumqayıtda 1 798, Abşeronda 1 526, Mingəçevirdə 1 483, Şəkidə 1 634, Bərdədə 1 935, Göyçayda 675, Kürdəmirdə 675, Şirvanda 819, Sabirabadda 910, Salyanda 1 058, Lənkəranda 1 741, Cəlilabadda 677, Xaçmazda 1 959) nəfərin iştirakı nəzərdə tutulur.
İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 51 şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. İmtahanların idarə olunması üçün 141 ümumi imtahan rəhbəri, 409 imtahan rəhbəri, 3231 nəzarətçi, 433 buraxılış rejimi əməkdaşı və 141 bina nümayəndəsi ayrılıb.