İran Xarici İşlər Nazirliyinin sözçüsü, İran və ABŞ arasında nüvə danışıqlarının bərpa olunması ehtimalı ilə bağlı açıqlamasında bildirib ki, Vaşinqton hər şeydən əvvəl diplomatik yola real sadiqliyini sübut etməlidir.
Az.rasthaber.com xəbər verir ki, o, deyib: “Onlar doğrudan da göstərməlidirlər ki, diplomatiyaya sadiqdirlər. Diplomatiya nə sui-istifadə vasitəsinə çevrilməlidir, nə də rəqibə qarşı aldadıcı və ya psixoloji müharibə aləti olmalıdır.”
Nüvə danışıqlarının yaxın həftələrdə yenidən başlayıb-başlamayacağı ilə bağlı sualı cavablandıran Bəqayi bildirib: “Bilirəm ki, dolayı əlaqələr mövcuddur. Xarici işlər nazirimiz Oman, Qətər və digər ölkələrlə danışıqlar aparır. Dediyim kimi, diplomatiya heç vaxt tam dayanmır.”
XİN sözçüsü həmçinin sionist rejim və ABŞ-nin təcavüzkar hərəkətləri fonunda İranın nüvə obyektlərinin vəziyyəti barədə danışaraq qeyd edib: “Əvvəlcə baş verənləri düzgün başa düşməliyik. Bu, İsrailin, daha sonra isə ABŞ-nin bizim ərazi bütövlüyümüzə və milli suverenliyimizə qarşı açıq şəkildə həyata keçirdiyi təcavüz aktı idi.”
O əlavə edib: “Son on iki gündə baş verənlər İran xalqına qarşı əsassız bir hücum idi. Bu hücum nəticəsində ölkəmizə qarşı edilən bu vəhşicəsinə hərbi əməliyyatda təxminən min nəfər iranlı həyatını itirdi.”
Bəqayi sonda vurğulayıb: “Nüvə obyektlərimiz ciddi zərər görüb. Amma məsələ ondadır ki, bu obyektlər Beynəlxalq Atom Enerjisi Agentliyinin ən sərt nəzarət və yoxlamalarına məruz qalırdı.”