Birləşmiş Millətlər Təşkilatı Taliban administrasiyasının qadın işçilərə tətbiq etdiyi qadağa səbəbindən humanitar yardım fəaliyyətlərinin gecikdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, BMT baş katibinin sözçüsü Fərhan Haq keçirdiyi gündəlik mətbuat konfransında Əfqanıstanda qadın işçilərə tətbiq edilən qadağa ilə bağlı sualları cavablandırıb.
Əfqan xalqının humanitar yardıma ehtiyaclarının olduğunu bildirən Fərhan Haq deyib: "Bir problemlə üz-üzəyik. Bir tərəfdən ehtiyacları ödəməyə çalışarkən, digər tərəfdən humanitar yardımla bağlı fəaliyyətimiz gecikir. Əfqanıstanda qadın və kişi personalın işləmələrinə icazə verilməsi mövzusundakı mövqeyimiz dəyişməzdir''.
Fərhan Haq Əfqanıstanın yürütdüyü siyasəti izləməyə davam etdiklərini və yaranan problemi həll etməyə çalışdıqlarını deyib.
Qadın və kişi personalın kritik vəzifələr istisna olmaqla evdən işləməyə davam etdiyini qeyd edən Fərhan Haq ölkədə humanitar yardım fəaliyyətlərinin davam etdirildiyini vurğulayıb.