Bu sözləri Ayətullah Cavadı Amuli Nəcəfül Əşrəfdə İmam Əli (ə) Ziyarətgahı tərəfindən onun şərəfinə təşkil edilən tədbirdə deyib
Rasthaber Azərbaycan-ın xəbərinə görə, İslam dünyasının tanınmış alimlərindən biri, böyük mərcəyi-təqlid Ayətullah Şeyx Abdullah Cavadı Amuli bildirib ki, Qəzzada baş verən faciələr və İsrailin törətdiyi cinayətlər unudulmamalıdır. O, İsrail və onun havadarlarını kəskin şəkildə tənqid edərək Qurani-Kərimə istinadla qeyd edib: “Sən onlardan daim xəyanət görəcəksən.”
Bu fikirləri Ayətullah Amuli İraqın Nəcəfül-Əşrəf şəhərində yerləşən Müqəddəs İmam Əli (ə) Ziyarətgahında onun şərəfinə təşkil olunmuş elmi-mədəni tədbirdə çıxışı zamanı səsləndirib.
Tədbir, İmam Əli (ə) Ziyarətgahının Fikri və Mədəni İşlər Şöbəsi tərəfindən Ayətullah Amulinin elmi və fəlsəfi fəaliyyətlərini təqdir etmək məqsədilə təşkil olunub. Təltif mərasimində ziyarətgahın baş katibi xidmətçi Seyyid İsa Xərrasan, onun müavini, idarə heyətinin üzvləri, elmi hövzə alimləri, tələbələr və bir sıra tanınmış akademiklər iştirak ediblər.
Çıxışı zamanı Ayətullah Amuli Qurani-Kərimin dərin anlayışının yalnız pak və saf şəxslər — Əhli-Beyt (ə) məktəbi vasitəsilə mümkün olduğunu bildirib. “Ləyəmsəhu illəl-mutəhhərun” ayəsinə toxunan alim qeyd edib ki, burada nəzərdə tutulan “mutəhhərlər” Həzrət Əli (ə) və onun pak nəslidir.
O, eyni zamanda Nəcəf elmi hövzəsinin İslam elminə verdiyi tarixi töhfələri vurğulayıb: “Bu hövzə bərəkətli bir məktəbdir və digər elmi mərkəzlərin üzərində haqqı vardır. Həzrət Əlidən (ə) ilham alaraq, daim elmi və mənəvi bərəkət saçır.”
Ayətullah Cavadı Amuli çıxışında həmçinin özünün məşhur çoxcildlik əsəri olan “Təsnim” təfsiri haqqında da danışıb. Bildirib ki, bu əsər 40 illik elmi zəhmət və dörd nəsil tələbənin birgə əməyi nəticəsində ərsəyə gəlib.