Bu gündən etibarən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərlə bütün sərhədlərini açacaq.
Rasthaber Azərbaycan “Aljazeera”ya istinadla xəbər verir ki, bu barədə Dövlət informasiya agentliyi (WAM) cümə günü məlumat yayıb.
Daha öncə Səudiyyə Ərəbistanı bəyanatla çıxış edərək Qətərlə körfəz ölkələri arasındakı 3 illik blokadanın sona çatdığını bildirmişdi.
Xatırladaq ki, 2017-ci ilin ortalarında Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətəri ekstremizmə dəstək verməkdə və körfəz ölkələrinin ümumi rəqib hesab etdikləri İrana həddindən artıq isti münasibət göstərməkdə ittiham etmişdilər. Rəsmi Doha isə ittihamları rədd edir və bildirir ki, embarqonun əsas hədəfi Qətərin müstəqilliyini məhdudlaşdırmağa yönəlmişdi.
Dünən keçirilən onlayn mətbuat konfransında BƏƏ-nin rəsmi nümayəndəsi bildirib ki, qarşılıqlı gediş-gəlişlər qısa müddətdə bərpa edilsə də, diplomatik münasibətlərin bərpası bir qədər daha çox zaman tələb edir. Onun sözlərinə görə, tərəflər qarşılıqlı inamın bərpası üzərində işləyirlər.