Azərbaycanlıların Ermənistandan son deportasiyasından 31 il keçir

Azərbaycanlıların Ermənistandan son deportasiyasından 31 il keçir

Azərbaycanlıların hazırkı Ermənistan dövlətinin ərazisindən tam deportasiyasından 31 il ötür.

Son deportasiya zamanı Ermənistanda 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlılar öz yurdlarından qovulub.

1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınındır), 18.000 kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiya edilib.

Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı qaldırdığı və istintaqı yarımçıq qalmış cinayət işinin materiallarında bildirilir ki, Ermənistan tərəfindən həyata keçirilən deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib; o cümlədən 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-i qadın, 23-ü uşaqdır.

Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir.

Erməni müəllifi Zaren Karkadyanın "Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə" kitabında yazır: “1820-ci ilədək indiki Ermənistan ərazisində olan 2300 yaşayış məntəqəsindən 2000-də azərbaycanlılar yaşayıb”.

Belə ki, Azərbaycanın parçalanması ilə nəticələnən 1828-ci il İran və Rusiya arasında bağlanmış Gülüstan müqaviləsindən sonra indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vaxtaşırı kütləvi deportasiyalara məruz qalıb.

1986-cı ildə Yerevanda dərc olunmuş “Ermənistan və ətraf rayonların toponimləri lüğəti” adlı kitabda yazıldığı kimi “indiki Ermənistan ərazisində yaşayanların 70 faizi 1828-1930-cu illərdə Türkiyə və İrandan gəlmiş erməni mühacirlərdir”.

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.

Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub.

Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə azərbaycanlılara məxsus son 91  yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

Mənbə: 

Xəbəri paylaş

VİDEOLAR