“İran və Azərbaycan sərhədləri həmişə sülh və dostluq sərhədləri olub və hazırda da belədir, bu arada heç kimin fitnə-fəsad törətməsinə imkan verməyəcəyik”.
Az.rasthaber.com xəbər verir ki, bu barədə İran polis rəisinin müavini general-mayor Qasim Rzayi bildirib.
“İran İslam Respublikasının sərhədləri bizim üçün mühüm və strateji coğrafi nöqtələrdir. Ona görə də bu il biz qonşu ölkələrlə bütün ortaq sərhədləri ziyarət etdik və qiymətləndirdik və bu proses davam edir”.
O, açıqlamasının davamında deyib: “İslami İranın Azərbaycan Respublikası ilə bir çox ortaq nöqtələri var, o cümlədən mədəni və sosial sahələrdə. Ölkəmizin şimal-qərb bölgələrinin bir hissəsində, yəni Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində ortaq dilimiz var, bir çox ortaq sahələr və dostluqlar var”.
General-mayor Rzayi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında bir neçə yüz kilometrlik sərhədin olduğunu qeyd edərək deyib: “Bu sərhədlər boyu iki ölkə və onların xalqları arasında çoxlu iqtisadi, siyasi, sosial və mədəni əlaqələr formalaşıb”.
“İslami İran və Azərbaycan Respublikası arasında sərhəd terminalları və kommersiya yük maşınlarının hərəkəti üçün çoxsaylı körpülər, eləcə də sərnişin quru sərhədi var. Həmişə bu münasibətləri asanlaşdırmaq və səviyyəsini yüksəltməyə səy edilmişdir” – deyə o əlavə edib.
“Mövcud planlaşdırma və koordinasiyalara əsasən, lazım olan yerdə iki ölkənin sərhədçiləri ikitərəfli danışıqlar aparıblar və aparırlar ki, daha çox koordinasiya ilə daha yaxşı fəaliyyət göstərə bilək. Sərhəd işlərini asanlaşdırmaq üçün görüşlər və iclaslar keçirilir”, – deyə o vurğulayıb.
General-mayor Rzayi deyib ki, “son statistikaya görə, hər gün Astaradan Azərbaycana 230-a yaxın yük maşını keçir. Qonşu ölkəmiz hazır olsa, bu rəqəmi artıra bilərik”.