Azərbaycan Türkiyəyə yatırdığı sərmayəni 20 milyard dollara çatdıracaq

Azərbaycan Türkiyəyə yatırdığı sərmayəni 20 milyard dollara çatdıracaq

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev deyib

Azərbaycan Türkiyəyə 17 milyard dollardan çox sərmayə qoyub, SOCAR-ın yeni layihələri hesabına Türkiyəyə yatırılan sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu sözləri prezident İlham Əliyev deyib.

“Qarşılıqlı sərmayə qoyuluşu məsələlərində də çox gözəl nəticələr var. Azərbaycan bu günə qədər Türkiyəyə 17 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12 milyard dollardan artıq sərmayə qoyub. SOCAR-ın yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə bizim Türkiyəyə yatırdığımız sərmayənin həcmi 20 milyard dollara çatacaq”, - deyə o, bu gün Bakıda Türkiyənin ticarət naziri Ruhsar Pekcanla görüşdə bildirib.

Prezident qeyd edib ki, ancaq bir-birinə sıx bağlı olan ölkələr bir-birinin iqtisadiyyatına bu qədər yatırım qoya bilərlər.

İ.Əliyev vurğulayıb ki, bu il də çox önəmli hadisələrdən biri də TANAP-ın Avropa sərhədinə çatdırılması layihəsidir.

“Əminəm ki, gələn il Cənub Qaz Dəhlizi tam istismara veriləcək və beləliklə, bizim birgə həyata keçirdiyimiz bu nəhəng layihə artıq başa çatacaq”, - deyə dövlət başçısı söyləyib.

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

4 layihədən 3-ü (“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”, Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, TANAP-ın tikintisi) artıq reallaşdırılıb. ТАР qaz kəmərinin inşası üzrə işlərin 90%-dən çoxu yerinə yetirilib.

Ümumi dəyəri $38 milyard olan CQD layihəsi 7 ölkəni birləşdirir.

(İnterfaks)

Xəbəri paylaş

VİDEOLAR