İranda son prezident seçkilərində qələbə qazanan İbrahim Rəisinin prezidentlik mandatı İslam İnqilabının rəhbəri tərəfindən təsdiqlənib
İranda son prezident seçkilərində qələbə qazanan Seyid İbrahim Rəisinin prezidentlik mandatı İslam İnqilabının rəhbəri tərəfindən təsdiqlənib.
Rasthaber Azərbaycan xəbər verir ki, mərasimdə Həsən Ruhani, Məhkəmə Hakimiyyətinin rəhbəri Möhsin Ejei, Parlamentin spikeri Məhəmmədbaqir Qalibaf, İnqilab liderinin müşaviri Əliəkbər Vilayəti, Fars dili və Ədəmiyyət akademiyasının sədri Qulaməli Həddad Adil, sabiq Milli Təhlükəsizlik Ali Komissiyasının baş katibi Səid Cəlili, sabiq deputat Əlirza Zakani, prezidentin sabiq köməkçisi Möhsin Mehralizadə və Mərkəz Bankının sədri Əbdünnasir Himməti də iştirak ediblər.
Mərasim həmçinin təhvil-təslim xarakteri də daşıyırdı.
Mərasimdə Ayətullah Xameneinin Rəisini prezident kimi təsdiqetmə qərarı İslam İnqilabının dəftərxanasının müdiri Ayətullah Qolpayqani tərəfindən oxunub.
Mərasim İmam Xomeyni adına Hüseyniyyədə keçirilib və əvvəlcə ölkənin daxili işlər naziri 13-cü dövr prezident seçkilərinin keçirilmə prosesi ilə bağlı hesabat verib. Sonra ölkənin Ali Rəhbəri Ayətullahül-üzma Xamenei tərəfindən imzalanmış prezidentlik hökmü cənab Rəisiyə təqdim olunub.
Ayətullahül-üzma Xamenei, hökmündə xalqın seçkilərdə mənalı və izzətli iştirakını, eləcədə xalqa can yandıran, dindar və idarəetmədə parlaq bir keçmişi olan şəxsin seçilməsini millətin inqilab yolunu yəni ədalət, tərəqqi və azadlıq yolunu davam etdirmək əzminin əlaməti olaraq dəyərləndirib.
Ayətullah Xamenei bütün sahələrdə bir sıçrayış etməyin zəruriliyini vurğulayaraq ölkədə istehsal sahəsindəki maneələri aradan qaldırmağa, milli valyutanı möhkəmləndirməyə, cəmiyyətin orta və aşağı təbəqələrini gücləndirməyə və sürətlə irəliləməyə səy göstərilməsinə təkid edib.
Mərasimdə çıxış edən yeni seçilmiş prezident isə rəhbərliyə və xalqa dərin minnətdarlığını bildirərək öz hökumətinin prioritetlərini açıqlayıb.
İbrahim Rəisi deyib: “18 iyun seçkilərinin mesajı mövcud vəziyyəti dəyişdirməkdən ibarətdir. Xalq bu seçkilərdən və hökumətdən istəyir ki, mövcud iqtisadi vəziyyətə və infilyasiyaya son qoyulsun. İran xalqı bu seçkilərə qatılmaqla iqtisadi, ictimai və mədəni problemlərin həllini tələb edir. Xalq hökumətdən istəyir ki, ədaləti bərpa etsin, korrupsiya ilə mübarizə aparsın, inzibati işlərdə qeyri-sağlam əlaqələrə və rüşvətxorluq kimi İslam İnqilabının dəyərlərilə ziddiyyət təşkil edən nə varsa onlara son qoysun. Sanksiyaların ləğv edilməsi əsas işlərimizdən biridir. Lakin xalqın süfrəsini əcnəbilərdən asılı hala gətirməyəcəyik. Bizim təcili və qısamüddətli bir planımız var. Mən xalqı əmin edirəm ki, məsələlər çox yaxşı araşdırılıb və planlar nəzərdə tutulub. Bu planlar dərhal həyata keçiriləcək.”
Mərasimin sonunda Ayətullah Xamenei yeni seçilmiş prezidenti təbrik edib və hökumətin tez bir zamanda formalaşdırılmasını istəyib. Onun sözlərinə görə, mövcud durumda hökumətin formalaşdırılmasında təxirə yol vermək olmaz.
Çıxışının bir qismində yeni prezident İbrahim Rəisini təbrik edən Ayətullah Xamenei ölkədə hakimiyyətin dövr edilməsinin dinc, sivil və demokratik yolla həyata keçirildiyini bildirib və buna görə Allaha şükür etdiyini dilə gətirib.
Eyni zamanda seçkilərə qatıldıqlarına görə İran xalqına təşəkkür edən Ayətullahül-üzma Xamenei inflyasiya, korrupsiya və sair oxşar mənfi halların aradan qaldırılmasını tələb edib.