Böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin dəftərxanası İsveç polisinin icazəsi ilə Qurana edilən hücumla bağlı BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib.
Az.rasthaber.com "Shafaqna"ya istinadən xəbər verir ki, məktubda söz azadlığına hörmət belə biabırçı əmələ icazə verilməsinə haqq qazandırmadığı xatırladılır.
Ayətullah Sistaninin dəftərxanasından gələn məktubun mətnində Birləşmiş Millətlər Təşkilatının Baş Katibi cənab Antonio Quterreşin diqqətinə çatdırılıb ki, İsveçdə bir şəxsin İslam dinini təhqir etmək məqsədi ilə Qurani-Kərim kitabına hücum edərək onun səhifələrindən birini yandırması böyük narahatlığa səbəb olub.
“Bu cür iyrənc davranış son illərdə müxtəlif ölkələrdə dəfələrlə baş verib, lakin diqqətçəkən məqam odur ki, bu dəfə İsveç polisinin rəsmi icazəsi və söz azadlığı bəhanəsi ilə baş verib.”, – məktubda deyilir.
Məktubda söz azadlığı adı ilə iki milyard insanın dini inancını təhqir edilməsi ekstremizm adlandırılıb.
Ayətullah Sistaninin məktubunda bu addımı pisləməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatından oxşar hadisələrin təkrarlanmaması üçün təsirli tədbirlər görməsini və ölkələrə bu cür hərəkətlərə yol verən qanunlara yenidən baxmağa məcbur etmək tövsiyə edilir.