Ayətullah Sistani və Ayətullah Cavadi Amuli arasında görüş olub

Ayətullah Sistani və Ayətullah Cavadi Amuli arasında görüş olub

"Bizim Qum elmi hövzəsinə münasibətimiz Nəcəf hövzəsinə olan münasibətdən fərqlənmir" - Ayətullah Sistani

Rasthaber Azərbaycan xəbər verir ki, 12 may 2025-ci il tarixində, şiə aləminin böyük dini mərcələrindən olan Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Sistani Nəcəf-Əşrəfdə öz mənzilində tanınmış müfəssir və fəqih Ayətullah Abdullah Cavadi Amulini qəbul edib.

Görüş zamanı Ayətullah Cavadi Amuli Ayətullah Sistaniyə özünün 80 cildlik “Təfsir-i Təsnim” adlı dəyərli təfsir külliyyatını hədiyyə edib. Ayətullah Cavadi Amuli şəxsən külliyyatın 80 cildini Ayətullah Sistaniyə təqdim edib. Ayətullah Sistani bu hədiyyəni hörmət və diqqətlə qəbul edib.

Ayətullah Sistani bu münasibətlə bildirib: “Siz 40 il Quranın hüzurunda çalışmısınız. Bu əsər şiə aləmi üçün bir iftixardır. Əsas və mərkəz Qurani-Kərimdir; Əhli-Beyt (ə) rəvayətləri Qurana uyğun gəlməlidir, yalnız bu halda onlara istinad edilə və əməl oluna bilər.”

O, həmçinin vurğulayıb ki: “Bizim Qum elmi hövzəsinə münasibətimiz Nəcəf hövzəsinə olan münasibətdən fərqlənmir. Gücümüz çatan qədər elmi hövzələrə xidmət etməyə çalışacağıq.”

Ayətullah Sistani görüşün sonunda deyib: “Sizin şəxsiyyətiniz və elmi əsərləriniz haqqında çox eşitmişdik, lakin deyildiyi kimi: eşitmək görmək kimi deyil.”

Ayətullah Cavadi Amuli isə cavab olaraq, Ayətullah Sistaninin şəxsiyyətini yüksək qiymətləndirərək belə deyib: “Sizin varlığınız hövzələr və İslam ümməti üçün böyük bir nemətdir. Siz İraq xalqı və şiələr üçün mərhəmətli bir ata kimisiniz. Allah sizin kölgənizi davamlı etsin.”

O, əlavə edib ki, “Nəcəf elmi hövzəsi, istər birbaşa, istərsə də dolayı yolla, İslam dünyası üçün böyük bərəkət qaynağı olub və olacaq. Sizin İraqın sosial sabitliyinin qorunması və İŞİD kimi təkfirçi cərəyanlarla mübarizədəki rolunuz tarixi və əbədi bir roldur.”

Görüş zamanı Ayətullah Cavadi Amuli həmçinin Ayətullah Sistaninin İraqda və xaricdəki elmi hövzələrə göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib və hövzələr arasında daha sıx əlaqələrin zəruriliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR