Avropa sərhədlərini nə vaxt açır, Covid-19 testini robotlar apara bilər

Avropa sərhədlərini nə vaxt açır, Covid-19 testini robotlar apara bilər

Avropa Komissiyası Avropa İttifaqı ölkələrini iyun ayının sonunda sərhədlərini açmağa və İttifaq daxilində pasportsuz səyahətə icazə verməyə çağırıb.

Daxili İşlər Komissarı Ylva Johanssonun sözlərinə görə, virusla bağlı vəziyyət "sürətlə yaxşılaşıb".

"Bütün daxili sərhəd məhdudiyyətlərini və sərhəd yoxlamalarını qaldırmalı olduğumuz bir vəziyyətə yaxınlaşırıq" - o, Euronews kanalına açıqlamasında bildirib.

Avropanın bəzi ölkələri daxili məhdudiyyətləri ləğv etməyə başlayır və son günlərdə bəziləri sərhədləri açmağa başlayıb.

Avropa İttifaqının digər ölkələrlə sərhədləri nə vaxt açacağı ilə bağlı məlumat yoxdur.

Covid testi aparan robot

Danimarka alimləri Covid-19 şübhəsi olan insanlardan nümunələr götürə biləcək robot hazırlayıb.

Araşdırmaçılar bu üsulla tibb işçilərini risk altında qoymadan koronavirus testi aparıla bilinəcəyini deyir.

Reuters xəbər verir ki, robotlar "qısa zamanda" istifadəyə veriləcək.

Koronavirus şübhəsi olan insanları test edən tibb işçiləri xəstəliyə tutulma riski ən çox olan adamlar arasında yer alır.

Sosial məsafə papaqları

Min il əvvəl Çində işçilərin bir-biri ilə pıçıldaşmasının qarşısını almaq üçün istifadə edilən papaqlar Fransada sosial məsafə papaqlarına ilham verib.

Parisdə bir incəsənət qalereyası ziyarətçilərinin sosial məsafə qaydalarına əməl etməsini təmin etmək üçün onların bir-birinə yaxınlaşmasına imkan verməyən papaqlar paylayıb.

Qalereyanın məlumatına görə papaqlar Çində 960-1279-cu illərdə hökmranlıq edən Song xanlığı dövründə istifadə edilən papaqlardan ilhamlanaraq hazırlanıb.

Papağın üzərindəki çıxıntılar insanları bir-birinə bir metrdən çox yaxınlaşmağa qoymur.

Fransada sosial məsafə qaydası bir metr olaraq müəyyənləşdirilib.

Türkiyə bu ay 40 ölkə ilə aviaəlaqəni bərpa etməyi planlaşdırır.

Uçuş istiqamətləri arasında Azərbaycanın adı da çəkilir.

Lakin, “Azərbaycan Hava Yolları” bildirir ki, 1 iyul tarixinədək Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

Türkiyə daxilində uçuşlar artıq iyunun 1-dən bərpa olunub.

Almaniya: hər uşağa 300 avro yardım

Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün 130 milyard avro (248 mlrd. AZN) dəyərində stimullaşdırma paketinin ayrılacağını vəd edib.

2021-ci ili də əhatə edəcək yardım planına görə, hər bir uşağa 300 avro ayrılır və 6 ay müddətinə əlavə dəyər vergisinin (ƏDV) səviyyəsi azaldılaraq 19-dan 16 faizə endirilir.

Bundan başqa, ətraf mühitə atılan karbon tullantılarının həcmini ixtisar etmək üçün hidrogen texnologiyalarına da 7 mld. avro dəyərində vəsait yönəldiləcək.

Elektriklə işləyən avtomobil alıcılarına 6 min avro veriləcək ki, bu əvvəlki subsidiyaların iki mislini təşkil edir.

Ötən ilin eyni vaxtı ilə müqayisədə, cari ilin aprel ayında 1 litrlik araqların satışı 19 faiz artıb, Vedomosti qəzeti Nielsen tədqiqat şirkətinin məlumatına istinadən xəbər verir.

Bu arada yarım litrlik araqların satışında dəyişiklik müşahidə olunmayıb - araq satışlarının 70 faizi məhz onun payına düşür.

Bundan əvvəlki illərdə iri qablarda olan arağa tələbat tədricən azalırmış.

Nielsen-in izah etdiyi kimi, əhali özünü izolyasiya vaxtı alkoqol ehtiyatı yığmağa qərar verib və bunun üçün böyük qablar daha əlverişlidir, üstəlik onların qiyməti də daha ucuzdur.

BBC Azərbaycanca

Xəbəri paylaş

VİDEOLAR