Avropa İttifaqı Qarabağ münaqişəsində zərərçəkmişlərə 10 milyon avro ayırdı

Avropa İttifaqı Qarabağ münaqişəsində zərərçəkmişlərə 10 milyon avro ayırdı

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zamanı zərərçəkənlərə dəstək olmaq məqsədilə əlavə 10 milyon avro ayırıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidməti məlumat yayıb.

"Cənubi Qafqazda dayanıqlılığı və sülh quruculuğunu gücləndirmək səyləri çərçivəsində Komissiya bu gün Qarabağda və Qarabağ ətrafında son münaqişədən zərərçəkən mülki insanlara kömək məqsədilə çox erkən bərpa işləri də daxil olmaqla, əlavə 10 milyon avroluq humanitar yardım ayırır.

Bununla da, 2020-ci ilin sentyabrında döyüşlərin başlamasından sonra Avropa İttifaqının ehtiyacı olan şəxslərə ayırdığı məbləğin həcmi 17 milyon avronu keçir", - deyə məlumatda bildirilir.

Aİ-nin Böhran İdarə olunması Komissarı Yanez Lenarçiç bildirib ki, region ölkələrində humanitar vəziyyət qurumun diqqətindədir: "Çünki COVID-19 pandemiyasının yayılması konfliktin nəticələrini daha da ağırlaşdırır. Avropa İttifaqı münaqişədən zərər çəkən şəxslərin əsas ehtiyaclarını qarşılamaq və öz həyatlarını yenidən qurmaq üçün onlara olan dəstəyi əhəmiyyətli dərəcədə artırır".

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi isə öz növbəsində qeyd edib:

"Ötən ilin sonunda söz verdiyimiz kimi biz bu gün münaqişədən daha çox əziyyət çəkən insanlara əlavə kömək göstəririk".

O, həmçinin bildirib ki, Aİ-nin dəstəyi bununla bitməyəcək.

Qeyd olunur ki, Aİ tərəfindən ayrılan maliyyə qida məhsulları, gigiyena və ev təmizliyi vasitələri, tibbi xidmət də daxil olmaqla ilkin yardım göstərilməsinə imkan verəcək. Bildirilir ki, yardım, məcburi köçkünlər, repatriantlar və ev sahibi icmalar da daxil olmaqla, münaqişədən zərərçəkən ən həssas insanlara fayda gətirəcək.

Xəbəri paylaş

VİDEOLAR