Avropa İnsan Hüquqları Məhkəməsi ilahiyyatçı Sərdar Babayevlə bağlı qərarını açıqladı

Avropa İnsan Hüquqları Məhkəməsi ilahiyyatçı Sərdar Babayevlə bağlı qərarını açıqladı

Avropa İnsan Hüquqları Məhkəməsi şiə ilahiyyatçı Sərdar Babayevin işi üzrə qərarı elan edib.

Rasthaber Azərbaycan "Turan" agentliyinə istinadən xəbər verir ki, fevralın 1-də Avropa İnsan Hüquqları Məhkəməsi şiə ilahiyyatçı Sərdar Babayevin işi üzrə qərarı elan edib.

Bu din xadimi Masallı şəhərində məsciddə cümə möüzələri oxuyub. 2017-ci ilin fevralında həbs edilib, çünki qanun xaricdə islam dini təhsili almış şəxslərə möizə oxumağı qadağan edir.

3 iyul 2017-ci ildə məhkəmə onu dini mərasimlərin keçirilməsi tələblərinin pozulmasında (Azərbaycan Cinayət Məcəlləsinin 168-1.3-cü maddəsi) təqsirli bilərək 3 il həbs cəzasına məhkum edib. Yuxarı instansiyalar hökmü qüvvədə saxlayıblar.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib və Babayevin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5.3 (azadlıq və təhlükəsizlik hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası), 9 (fikir, vicdan və din azadlığı), 10 ( ifadə azadlığı), 11 (toplaşmaq və assosiasiya azadlığı) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələri üzrə hüquqlarının  pozulduğunun tanınmasını xahiş edib.

Əsasən Babayevin Apellyasiya Məhkəməsində dəmir qəfəsə salınması qeyri-insani rəftar kimi qiymətləndirilib. Bundan əlavə, müdafiə tərəfi istintaq müddətində onun əsassız həbs olunduğunu və həbs cəzasına məhkum edildiyini bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsi Babayevin 3, 5.3 və 9-cu maddələr üzrə hüquqlarının pozulduğunu tanıyıb və ona dəyən mənəvi ziyana görə 6000 avro, məhkəmə xərclərinə görə  2500 avro təzminat ödənilməsini qərara alıb.

Babayevin vəkili Cavad Cavadov Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından razı qaldığını ifadə edərək, Babayevin 9-cu maddə (fikir, vicdan və din azadlığı) maddə üzrə hüquqlarının pozulmasının tanınmasının vacibliyini qeyd edib.

" Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı qərarı presedent xarakter daşıyır və o deməkdir ki, Azərbaycanda vətəndaşlar dini ayinlərin icrası tələblərinin pozulmasına görə təqib olunmamalıdır", -vəkil deyib.

O xatırladıb ki, 2023-ci ildə Babayev dövlətə xəyanət işi üzrə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi. Vəkil diqqəti ona yönəldib ki, Babayev 2021-ci ilin payızında Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda həbs edilib və ümidvar olduğunu bildirib ki, Azərbaycan Ali Məhkəməsi kassasiya şikayətinə baxarkən müdafiə tərəfinin dəlillərini nəzərə alacaq və Babayevin hüquqlarının pozulmasını aradan qaldıracaq. Şikayət təmin edilmədiyi təqdirdə müdafiə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Qeyd edək ki, hüquq müdafiəçiləri Sərdar Babayevi siyasi məhbus kimi tanıyıblar.

Xəbəri paylaş

VİDEOLAR