Tələbatın getdikcə aşağı düşməsi və neft anbarlarının ağzına qədər dolması səbəbindən Amerikanın WTI markalı neftinin qiyməti birjada şok yaşayıb
Rasthaber Azərbaycan fins.az-a istinadən xəbər verir ki, tələbatın getdikcə aşağı düşməsi və neft anbarlarının ağzına qədər dolması səbəbindən Amerikanın WTI markalı neftinin qiyməti birjada 1 dollara qədər enib.
Reuters-n bildirdiyinə görə, may ayı üçün fyuçers müqavilələrində Amerika neftinin bir barrelinin qiyməti 1 dollara rəsmiləşdirilib. Bu da o deməkdir ki, xammal əslində heç kimə gərək deyil.
Bu qiymətə birja müqavilələri aprelin 21-nə qədər imzalanacaq. İyun fyuçersləri isə barrel üçün 22 dollardan yuxarıdır, yəni bazar qiymətləri səviyyəsindədir.
Agentlik qeyd edir ki, neft treyderləri istənilən yolla may fyuçerslərindən yaxa qurtarmağa çalışırlar, onları “bişmiş qaynar kartof” kimi bir-birlərinə atırlar. Başa düşürlər ki, əllərindəki nefti may ayında heç kimə sata bilməyəcəklər. Nəticədə onlar birja tarixində ən güclü birgünlük ucuzlaşmaya səbəb olublar.
Xəbərə görə birjada hərraclar yekunlaşana qədər WTI neftinin qiyməti hətta sıfır dollara və hətta sıfırdan da aşağı düşə bilər. Çünki spot bazarında bəzi Texas şirkətləri nefti artıq 2 dollardan satır.
Son məlumata görə London birjasında ABŞ neftinin qiyməti gözlənildiyi kimi, 1 dollardan da aşağı düşüb, hətta neft istehsalçıları may ayında neft depolarının saxlama qabiliyyətinin tükənə biləcəyi qorxusuna görə alıcılara əmtəəni əllərindən almaq üçün pul ödəyirlər.