Genişmiqyaslı əməliyyat keçirildiyi açıqlanıb
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, ölkənin müxtəlif bölgələrində Səudiyyənin dəstəklədiyi qüvvələrin toplandığı hərbi məntəqələrə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.
Onun sözlərinə görə, əməliyyat Ər-Ruvayk, Əl-Əbr, Əs-Səniyyə bölgələri, eləcə də birinci və üçüncü fövqəladə briqadaların düşərgələrini əhatə edib.
Ballistik raketlər və PUA-lardan istifadə olunub
Yəhya Sərinin sözlərinə görə, əməliyyat zamanı çoxsaylı ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilib.
O bildirib ki, hücumdan əvvəl Səudiyyənin dəstəklədiyi qüvvələrin Yəmənin nəzarətində olan ərazilərə qarşı yeni hərbi əməliyyata hazırlaşdığı müəyyən edilib.
“Yüzlərlə döyüşçü öldürülüb və yaralanıb”
Yəmən Silahlı Qüvvələrinin açıqlamasına görə, əməliyyat nəticəsində Səudiyyənin dəstəklədiyi qüvvələr arasında yüzlərlə ölən və yaralanan var.
Bildirilib ki, hədəf alınan düşərgələr, silah anbarları və çoxsaylı hərbi texnika da məhv edilib.
Qarşı tərəf itkiləri təsdiqləyib
Səudiyyənin dəstəklədiyi “Yəmən Fövqəladə Qüvvələri” də yaydığı bəyanatda bir sıra hərbi düşərgələrinin hücuma məruz qaldığını, nəticədə canlı qüvvə və texnika itkilərinin baş verdiyini təsdiqləyib.
“Reuters” agentliyi isə mənbələrə istinadən bildirib ki, hücumlar nəticəsində Yəmən hökumətinə bağlı qüvvələrin azı 30 hərbçisi öldürülüb.
Yeni xəbərdarlıq
Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanını yeni hərbi eskalasiyadan çəkinməyə çağıraraq, istənilən yeni hücuma sərt cavab veriləcəyini bəyan edib.
Açıqlamada həmçinin “mühasirəyə qarşı mühasirə” strategiyasının davam etdiriləcəyi və Yəmənə tətbiq olunan blokada aradan qaldırılana qədər əməliyyatların davam edəcəyi vurğulanıb.

