Xəzərin Dayazlaşması Azərbaycan üçün Yeni Risklər Yaradır

7 Dəq Oxuma Müddəti

Xəzər dənizinin dayazlaşması sürətlənir

Xəzər dənizinin dayazlaşmasının ekoloji, iqtisadi və geosiyasi nəticələri araşdırılıb.

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi təxminən bir milyon il əvvəl Şimali Qafqaz və Stavropol yaylasında baş verən tektonik proseslər nəticəsində ayrılaraq özünəməxsus geoloji inkişaf mərhələsinə qədəm qoyub.

Sovet dövründə aparılan elmi tədqiqatlar Xəzərdə su səviyyəsinin dəyişməsinin tarixən təkrarlanan hadisə olduğunu göstərib.

Ötən əsrin 1930–1970-ci illərində dənizin səviyyəsinin kəskin azalması İranın və keçmiş Sovet İttifaqının sahilyanı ərazilərində iqtisadi fəaliyyətə və əhalinin yaşayışına ciddi ziyan vurub.

1977–1995-ci illərdə suyun səviyyəsinin sürətlə yüksəlməsi müşahidə edilsə də, sonrakı dövrdə yenidən azalma başlayıb. Təhlildə bu prosesin 2026-cı ildə daha ciddi miqyas aldığı bildirilir.

Xəzərin suyunun azalmasının əsas səbəbləri

Elmi dairələrdə Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı əsasən iki nəzəriyyə mövcuddur: iqlim və geoloji nəzəriyyələr.

İqlim nəzəriyyəsinə əsasən, Xəzərə tökülən Volqa və Ural çaylarının su ehtiyatlarının dəyişməsi dənizin səviyyəsinə birbaşa təsir göstərir.

Bu yanaşmanın tərəfdarları istixana qazlarının artmasını, qlobal istiləşməni, buxarlanmanın sürətlənməsini, süni su anbarlarının yaradılmasını və su ehtiyatlarının təsərrüfat məqsədilə istifadəsini əsas amillər sırasında göstərirlər.

Geoloji nəzəriyyənin tərəfdarları isə Xəzərin səviyyəsindəki dəyişiklikləri daha çox tektonik hərəkətlər və regionun seysmik xüsusiyyətləri ilə əlaqələndirirlər.

Xəzərin 20 min kvadratkilometrdən çox sahəsi quruyub

Xəzərin dayazlaşmasının hazırkı mərhələsində beş sahilyanı ölkə üzrə 20 min kvadratkilometrdən çox ərazi sudan azad olub.

Quruyan ərazilərin genişlənməsi və qamışlıqların artması yanğın təhlükəsini yüksəldir, sahilyanı şəhər və kəndlərdə içməli və suvarma suyunun təminatı ilə bağlı problemləri ağırlaşdırır.

Ekosistemin həssas vəziyyəti neft-qaz hasilatı, kənd təsərrüfatı və dəniz nəqliyyatı sahələrində xüsusi ekoloji mühafizə texnologiyalarının tətbiqini zəruri edir.

Nərə balıqları və Xəzər suitiləri təhlükə altındadır

Dənizin səviyyəsinin azalması köçəri quşların, Xəzər suitilərinin və müxtəlif balıq növlərinin yaşayış mühitinə mənfi təsir göstərir.

Təhlildə dünyanın nərə balığı ehtiyatlarının tarixən böyük hissəsinin Xəzər dənizində cəmləşdiyi qeyd olunur.

Volqa, Ural və Terek çaylarının deltalarına daxil olan suyun azalması balıqların kürütökmə imkanlarını məhdudlaşdırır və qiymətli balıq növlərinin ehtiyatlarına mənfi təsir göstərir.

Sahilyanı ölkələr 2014-cü ildə Həştərxanda keçirilmiş dördüncü Xəzər sammitində qəbul olunan bioloji ehtiyatların qorunması haqqında saziş çərçivəsində əməkdaşlığı davam etdirirlər.

Nərə balıqlarının kommersiya məqsədilə ovlanmasına qoyulan qadağanın uzadılması, vahid balıqçılıq qaydalarının hazırlanması və qanunsuz balıq ovuna qarşı mübarizə əsas istiqamətlər sırasındadır.

Azərbaycanın neft-qaz layihələri yeni çağırışlarla üzləşir

1990-cı illərdə Xəzər dənizi dünya enerji bazarında Fars körfəzinə alternativ regionlardan biri kimi təqdim olunurdu.

Azərbaycan və Qazaxıstan xarici sərmayələrin cəlb edilməsi, yeni neft yataqlarının işlənilməsi və beynəlxalq boru kəmərlərinin çəkilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçiriblər.

Təhlildə Xəzərin təsdiqlənmiş və proqnozlaşdırılan neft ehtiyatlarının 17–33 milyard barel arasında qiymətləndirildiyi bildirilir.

Regionda illik neft hasilatının 100–120 milyon ton təşkil etdiyi, hasilatın əsas hissəsinin isə Azərbaycan və Qazaxıstanın payına düşdüyü qeyd olunur.

Xəzəryanı ölkələrin neft hasilatı

Ayrı-ayrı yataqlar üzrə neft hasilatı aşağıdakı göstəricilərlə ifadə olunur:

Ölkə Neft hasilatı Hesabat ili
Azərbaycan 27,7 milyon ton 2025
Qazaxıstan 18 milyon ton 2025
Türkmənistan 8,3 milyon ton 2025
Rusiya 7 milyon ton 2024

Bu rəqəmlər ölkələrin ümumi neft hasilatını deyil, təhlildə göstərilən Xəzər yataqları üzrə hasilat göstəricilərini əks etdirir.

İran isə hazırda Xəzərdə neft hasilatı həyata keçirmir və əsasən kəşfiyyat işləri ilə kifayətlənir.

Xəzərin şimalındakı dayaz ərazilərdə suyun səviyyəsinin azalması sualtı boru kəmərləri və neft-qaz avadanlıqları üçün əlavə risklər yaradır. Bu vəziyyət enerji şirkətlərinin istismar və infrastruktur xərclərinin artmasına səbəb ola bilər.

Orta Dəhliz və Şimal–Cənub dəhlizi təhlükə qarşısındadır

Xəzər dənizinin dayazlaşmasının ən ciddi iqtisadi nəticələrindən biri beynəlxalq nəqliyyat və logistika sahəsində müşahidə olunur.

Xəzər üzərindən keçən Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri region ölkələrinin beynəlxalq ticarət əlaqələrində mühüm yer tutur.

Dənizin şimal hissəsində suyun səviyyəsinin azalması gəmilərin yükdaşıma imkanlarını məhdudlaşdırır, limanların fəaliyyətini çətinləşdirir və əlavə dibdərinləşdirmə işlərinə ehtiyac yaradır.

Ələt limanında dibdərinləşdirmə işlərinin əhəmiyyəti artır

Xəzərin səviyyəsinin azalması Azərbaycanın beynəlxalq nəqliyyat strategiyasında mühüm yer tutan Ələt limanının fəaliyyəti üçün də əlavə çağırışlar yaradır.

Təhlildə Azərbaycanla yanaşı, Qazaxıstanın Aktau və Kurık, Türkmənistanın Türkmənbaşı, Rusiyanın isə Həştərxan və Olya limanlarında dibdərinləşdirmə işlərinin aparıldığı bildirilir.

Qazaxıstanın Kurık limanında 2025-ci ildə suyun dərinliyi 1,5–2 metr artırılıb. İllik 120 min konteyner qəbul etmək imkanına malik Yersay terminalının isə 2026-cı ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulur.

Rusiyada 188 kilometrlik Volqa–Xəzər gəmiçilik kanalının fəaliyyətinin təmin edilməsi üçün mütəmadi dibdərinləşdirmə işləri aparılır.

Bu məqsədlə 2021-ci ildən etibarən hər il 3,5–4,1 milyard rubl vəsait xərcləndiyi bildirilir.

Azərbaycan və Qazaxıstanın tranzit strategiyası

Azərbaycan və Qazaxıstanın Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzlərinə çevrilmək strategiyasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır.

Lakin Xəzərin dayazlaşması dəniz daşımalarının maya dəyərinin artmasına, limanların modernləşdirilməsinə əlavə sərmayələrin yönəldilməsinə və nəqliyyat layihələrinin icrasında gecikmələrə səbəb ola bilər.

Transxəzər layihələrinin gecikməsinin Rusiyanın alternativ nəqliyyat marşrutları ilə bağlı iqtisadi və geosiyasi maraqlarına uyğun ola biləcəyi irəli sürülür.

Xəzərin qorunması beştərəfli əməkdaşlıq tələb edir

Xəzər dənizinin səviyyəsinin azalması Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan üçün ortaq ekoloji və iqtisadi problemə çevrilib.

Təhlildə qeyd olunur ki, 2026-cı il oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən Xəzər üzrə ekoloji sammit sahilyanı ölkələrin dayazlaşmanın nəticələrinə qarşı çoxtərəfli əməkdaşlığa hazır olduğunu göstərib.

Açıq okeana birbaşa çıxışı olmayan Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün beynəlxalq nəqliyyat əlaqələrinin davamlılığı xüsusi əhəmiyyət daşıyır.

Bu ölkələrin tranzit imkanlarının genişləndirilməsi Rusiya, İran, Türkiyə və Çinlə nəqliyyat və iqtisadi əməkdaşlıqdan da asılıdır.

Xəzərin dayazlaşması isə mövcud iqtisadi və diplomatik vəzifələrə yeni məsuliyyətlər əlavə edir.

Təhlilin müəllifləri hesab edirlər ki, Xəzərin ekosisteminin, neft-qaz infrastrukturunun və beynəlxalq nəqliyyat dəhlizlərinin qorunması beş sahilyanı ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsini və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini tələb edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş