Tramp razılaşma əldə olunduğunu açıqladı
ABŞ Prezidenti Donald Tramp bazar günü gecə verdiyi açıqlamada Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə də ayrıca razılaşma hazırlanıb.
Tramp qeyd edib ki, ABŞ hazırda İranla danışıqların formatını müzakirə edir və rəsmi təmasların bazar ertəsi axşam başlanması planlaşdırılır.
“Böyük hücum planlaşdırılırdı”
ABŞ prezidenti iddia edib ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İran ondan planlaşdırılan hərbi zərbələrin təxirə salınmasını istəyiblər.
Onun sözlərinə görə, ABŞ genişmiqyaslı hərbi əməliyyata başlamağa tam hazır idi.
“Hamımız əməliyyata başlamağa hazır idik. Bu, çox böyük hücum ola bilərdi. Müttəfiqlər təxirə salmağı xahiş edəndə, buna müsbət yanaşmaq lazım gəlir”, – deyə Tramp bildirib.
Neft qiymətləri kəskin ucuzlaşıb
Trampın açıqlamalarından sonra Asiya birjalarında neft qiymətləri 6 faizdən çox ucuzlaşıb.
Brent markalı neftin oktyabr fyuçersləri 6,28 faiz azalaraq bir barel üçün 82,41 dollara enib.
ABŞ-ın WTI markalı nefti isə 6,22 faiz ucuzlaşaraq 79,40 dollardan satılıb.
İran diplomatik təmasları intensivləşdirir
Bu arada İran Xarici İşlər Nazirliyi xarici işlər naziri Abbas Əraqçinin son 24 saat ərzində ikinci dəfə Səudiyyə Ərəbistanının xarici işlər naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə telefon danışığı apardığını açıqlayıb.
Məlumata görə, tərəflər Qərbi Asiyada təhlükəsizliyin möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və siyasi həll yollarının təşviqi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Donald Tramp bir gün əvvəl də İrana qarşı planlaşdırılan hərbi hücumu dayandırdığını və bunun Tehranla qısa müddətdə razılığa gəlmək şərti ilə həyata keçirildiyini açıqlamışdı.

