Trampdan Tayvana sərt mesaj
Donald Tramp Çin lideri Si Cinpin ilə keçirilən sammitdən sonra Tayvanın “müstəqillik elanına” yönələcək addımlarına qarşı xəbərdarlıq edib.
ABŞ prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, Tayvan məsələsində Çin tərəfinin mövqeyi olduqca sərtdir.
“Heç bir öhdəlik götürmədim”
Tramp qeyd edib ki, Si Tsinpinlə görüşdə Tayvan məsələsi geniş şəkildə müzakirə olunub.
O bildirib ki, Çin rəhbəri Tayvanın müstəqilliyi uğrunda mümkün qarşıdurmanın ciddi nəticələr doğuracağını düşünür.
ABŞ prezidenti əlavə edib ki, bu məsələ ilə bağlı Çin tərəfinə konkret öhdəlik verməyib.
Tayvana silah satışı gündəmdədir
Tramp yaxın vaxtlarda Tayvanla bağlı 14 milyard dollarlıq silah müqaviləsi barədə qərar verəcəyini də açıqlayıb.
Onun sözlərinə görə, qərardan əvvəl “Tayvanı idarə edən şəxslə” məsləhətləşmə aparacaq.
Lakin Tramp konkret olaraq hansı rəsmidən danışdığını açıqlamayıb.
Pekin Tayvan məsələsini əsas mövzu sayır
Çin rəhbərliyi Tayvan məsələsini ABŞ-Çin münasibətlərində ən vacib məsələ hesab edir.
Si Cinpin Trampı qəbul edərkən bildirib ki, Tayvan problemi düzgün idarə olunarsa, iki ölkə arasındakı münasibətlər sabit qala bilər.
O həmçinin xəbərdarlıq edib ki, məsələnin yanlış idarə olunması ciddi qarşıdurmaya səbəb ola bilər.
ABŞ mediası sammiti fərqli qiymətləndirdi
The New York Times nəşri ABŞ-Çin sammitini şərh edərkən Trampın yumşaq mövqe nümayiş etdirdiyini, Si Cinpinin isə daha sərt və qətiyyətli davrandığını yazıb.
Məqalədə bəzi Çin müşahidəçilərinin Trampın mövqeyinin tez-tez dəyişdiyini düşündüyü də qeyd olunub.
Tayvan böhranı yenidən gündəmdə
Son açıqlamalar ABŞ və Çin arasında Tayvan ətrafında gərginliyin yenidən artdığı bir dövrə təsadüf edir.
Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanın rəsmi müstəqillik cəhdlərinə qarşı çıxır.
Vaşinqton isə uzun illərdir Tayvana siyasi və hərbi dəstək göstərir.
