SEPAH əməliyyatların genişləndirildiyini açıqladı
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Hüseyn Möhəbbi bildirib ki, Tehran ölkəyə qarşı hazırlanan planlardan xəbərdardır və Hörmüz boğazında baş verən hadisələr digər təhlükələrin diqqətdən kənarda qalması anlamına gəlmir.
Onun sözlərinə görə, SEPAH-ın ölkənin şimal-qərbində həyata keçirdiyi əməliyyatların əsas məqsədi hökumət əleyhinə silahlı qrupları İran ərazisinə daxil olmadan zərərsizləşdirməkdir.
Separatçı qruplara sərt xəbərdarlıq
Möhəbbi bildirib ki, həmin qruplar əvvəlki iğtişaşlara bənzər hadisələri təkrarlamaq məqsədilə yenidən təşkilatlanmağa çalışırlar.
O vurğulayıb ki, SEPAH bu fəaliyyətlərə biganə qalmayacaq və əsas məqsəd separatçı hərəkatları formalaşdığı mərhələdə aradan qaldırmaqdır.
Əməliyyatların coğrafiyası genişlənə bilər
SEPAH rəsmisinin sözlərinə görə, əməliyyatların aparıldığı ərazi kifayət qədər genişdir və hərbi fəaliyyət mərhələli şəkildə strateji əhəmiyyət daşıyan məntəqələri də əhatə edir.
O xəbərdarlıq edib ki, əməliyyatların davam etməsi onların coğrafiyasının daha da genişlənməsinə səbəb ola bilər.
İran sərhədlərdə təhlükəsizlik tədbirlərini gücləndirib
Bu açıqlama ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının davam etdiyi və Tehranın xüsusilə şimal-qərb sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirdiyi bir dövrdə səsləndirilib.
İran rəsmiləri son vaxtlar həmin istiqamətdə silah qaçaqmalçılığı cəhdlərinin qarşısının alındığını bildirirlər.
Bundan əvvəl isə bölgədən yayılan məlumatlarda ABŞ-nin İraq Kürdüstanı rəhbərliyinə İrana qarşı müharibədə daha fəal iştirak etməsi üçün təzyiq göstərdiyi açıqlanmışdı.

