SEPAH-dan Həniyənin ildönümündə sərt bəyanat
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HƏMAS Siyasi Bürosunun sabiq rəhbəri İsmayıl Həniyənin şəhadətinin ikinci ildönümü münasibətilə bəyanat yayıb.
Bəyanatda HƏMAS-ın tərksilah edilməsinə yönəlmiş planın strateji məğlubiyyətlə nəticələndiyi bildirilib.
“Qisas qaçılmaz olacaq”
SEPAH bəyan edib ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei və İsmayıl Həniyənin qanının qisası mütləq alınacaq.
Bildirilib ki, İranın bu hadisələrə cavabı sərt və qəti olacaq.
“Fələstinin qələbəsi yaxınlaşır”
Bəyanatda qeyd olunub ki, HƏMAS-ın tərksilah edilməsi ilə bağlı plan heç bir nəticə verməyəcək və artıq uğursuzluğa düçar olub.
SEPAH anti-sionist müqavimətin sarsılmaz olduğunu vurğulayaraq, Fələstinin yekun qələbəsinin düşmənlərin düşündüyündən daha yaxın olduğunu iddia edib.
Həniyənin öldürülməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib
SEPAH bildirib ki, İsmayıl Həniyənin 2024-cü il iyulun 31-də Tehranda, İran prezidentinin andiçmə mərasimində rəsmi qonaq olduğu vaxt öldürülməsi beynəlxalq hüququn, İranın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması olub.
Bəyanatda həmçinin Qəzza zolağında davam edən hərbi əməliyyatlar, Livanın cənubundakı hadisələr və İran ərazisinə qarşı hücumlar fonunda ABŞ və bəzi Qərb ölkələrinin İsrailə verdiyi dəstək tənqid olunub.

