SEPAH-dan Hörmüz Boğazı ilə Bağlı Sərt Xəbərdarlıq

2 Dəq Oxuma Müddəti

SEPAH ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətlərini tənqid etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri yaydığı bəyanatda ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətlərinə sərt münasibət bildirib.

Bəyanatda qeyd olunur ki, ABŞ-ın boğazdan keçid marşrutlarına müdaxilə etməsi Hörmüz boğazının mərhələli şəkildə yenidən açılması prosesini ciddi risk altına sala bilər.

“Bölgədən kənar qüvvələrin burada yeri yoxdur”

SEPAH bəyan edib ki, Fars körfəzi və Hörmüz boğazında bölgədən kənar hərbi qüvvələrin legitim fəaliyyəti üçün əsas yoxdur.

İran tərəfi hesab edir ki, boğazın təhlükəsizliyi yalnız region ölkələrinin birgə əməkdaşlığı ilə təmin edilməlidir və xarici hərbi iştirak sabitliyə deyil, əksinə, gərginliyin artmasına səbəb olur.

ABŞ-a yeni xəbərdarlıq

Bəyanatda vurğulanır ki, ABŞ ordusunun bölgədəki fəaliyyətini genişləndirməsi və gəmiçilik marşrutlarına nəzarət etməyə çalışması təkcə İran üçün deyil, Hörmüz boğazından istifadə edən bütün ölkələrin maraqlarını təhlükə altına qoya bilər.

İran tərəfi Vaşinqtonu bölgədə yeni eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Gərginlik ABŞ hücumlarından sonra artıb

SEPAH-ın açıqlaması ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt bəyanatlarından və ABŞ qüvvələrinin İranın Hörmüz boğazına yaxın ərazilərinə endirdiyi hava zərbələrindən sonra yayılıb.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın hücumlarına cavab olaraq Küveyt və Bəhreyndə yerləşən Amerika hərbi bazalarının infrastrukturunun hədəfə alındığını açıqlamışdı.

İran üç hərbçisinin öldüyünü bildirir

İranın Xuzistan vilayətində fəaliyyət göstərən SEPAH komandanlığı ABŞ-ın son hava hücumları nəticəsində üç hərbçisinin həlak olduğunu açıqlayıb.

Rəsmi məlumata görə, Hüseyn Amuri, Səid Təvəkkülizadə və “Bəsic” qüvvələrinin üzvü Möhsin Nəcati hava zərbələri zamanı həyatını itirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş