Elşad Mirbəşir işsiz olduğunu təsdiqləyib
VI çağırış Milli Məclisin keçmiş deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Elşad Mirbəşir iki ilə yaxındır işləmədiyini açıqlayıb.
Siyasi elmlər doktoru olan Mirbəşir bildirib ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı müəllimlik fəaliyyətinə də son verilib.
“Bu vəziyyət iki ildir davam edir”
Elşad Mirbəşir məsələ ilə bağlı açıqlamasında bildirib ki, uzun müddətdir bu vəziyyət davam etsə də, bunu ictimaiyyətə açıqlamayıb.
“Açığı, təəssüflənirəm ki, belə məsələ ilə ictimaiyyətin diqqətinə gəlirəm. Vəziyyət iki ildir belədir, ancaq bunu heç kimə deməmişəm. İndi qəribədir ki, necəsə bilinib.”
“Heç yerə müraciət etməmişəm”
Keçmiş deputat bildirib ki, yeni işlə bağlı hər hansı dövlət qurumuna və ya təşkilata xüsusi müraciət etməyib.
Onun sözlərinə görə, özünə maraqlı gələn məqamlardan biri də elm adamı olmasına baxmayaraq auditoriyada dərs demək imkanı əldə edə bilməməsidir.
“İşlə bağlı özüm xüsusi olaraq heç yerə müraciət etməmişəm. Ancaq özümə də qəribə gəlir ki, bir elm adamı niyə auditoriyada dərs deyə bilmir? Mən həmişə dövlətin yanında olmuşam, əqidəsi sabit adamam və bu, bundan sonra da belə olacaq. İşləyib-işləməməyin buna aidiyyəti yoxdur.”
Hazırda Elşad Mirbəşirin gələcək fəaliyyəti ilə bağlı hər hansı rəsmi məlumat açıqlanmayıb.

