Kiyevdə raket hücumu: Onlarla yaralı
Ukraynanın paytaxtı Kiyev Rusiyanın ballistik raket hücumuna məruz qalıb.
Şəhərin Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, hücum nəticəsində ən azı 46 nəfər yaralanıb, onlardan 5-i uşaqdır.
Kiyev meri Vitali Kliçko isə raketlərin şəhərin müxtəlif hissələrində yerləşən bir neçə binaya düşdüyünü, yaşayış komplekslərində yanğınların baş verdiyini açıqlayıb.
Yaşayış binaları və anbarlar zərər gördü
Raket hücumları nəticəsində anbarlar və avtomobil təmiri sexi də zərər görüb.
Hadisə yerindən yayılan görüntülərdə dağıntılar, yanmış avtomobillər və tüstü qalxan binalar görünür. Xilasetmə qrupları dağıntılar altında qalan insanların tapılması üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Tərəflər bir-birini ittiham edir
Ukrayna Rusiyanı mülki yaşayış məntəqələrini qəsdən hədəfə almaqda ittiham edib.
Rusiya isə hücumların Ukraynanın Rusiya ərazisində yerləşən enerji infrastrukturu və elektrik obyektlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini və hərbi hədəflərin vurulduğunu iddia edib.
Gecə saatlarında qarşılıqlı hücumlar davam edib. Rusiyanın nəzarətində olan Krımın Sevastopol şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranıb.
Zelenskidən müttəfiqlərə təcili çağırış
Ukrayna Prezidenti Volodimir Zelenski NATO toplantısı ərəfəsində müttəfiq ölkələrə müraciət edərək hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlərin tədarükünün gecikdirilməməsini istəyib.
Zelenski bildirib ki, hava müdafiəsi üçün raketlərin çatdırılmasında baş verən hər gecikmə yeni insan itkiləri ilə nəticələnir və Rusiyanın müharibəni davam etdirmək imkanlarını artırır.
Ukrayna lideri həmçinin ABŞ-ni ölkəsində Patriot hava hücumundan müdafiə raketlərinin istehsalı üçün lisenziya verməyə çağırıb.

